YOXLUĞUNA İNANA BİLMƏDİYİM İNSAN
Vicdan qarşısında heç bir borcu, öhdəliyi olmayan insan ölümü də adi bir hal kimi qarşılayır.”Ağlamayın,mən çox rahat ölürəm və ölümdən də qorxmuram.Çünki bütün insanlıq vəzifələrini layiqincə yerinə yetirmişəm, həyatımda kimsənin səfalətinə səbəb olsaydım, onda ölümdən qorxardım..Çox şükür ki həmişə mübarizə aparmışam, amma heç kimə pislik etməmişəm.” Bu sözləri alman filosofu İmmanuil Kant ölüm yatağında olarkən xidmətçilərin ağladığını görüb onlara demişdir.Ümumiyyətlə, əməlisaleh olan, ömrünü xalqa sərf edən, yaxşılığı bayraq kimi başı üzərinə qaldıran hər bir insan son nəfəsində məhz bu cür düşünür.
Heydər Əliyev haqq dünyasında, Allahın öz mömin və gözəl əxlaqlı bəndələrinə vəd etdiyi cənnətin ən gözəl guşəsindədir.Haqq dünyası dediyimiz o gözəgörünməz aləmlə işıqlı dünya arasında bir pərdə var.O pərdəni qaldırmağa heç kəsin qüdrəti çatmaz.Fəqət, yalnız ruhun qanad çalaraq dünyanı dolaşmağa,hər bir evə, qəlbə girməyə, sevən ürəklərdə dincəlib rahatlanmağa iqtidarı vardır. Qeybdən gələn o ruhun kölgəsi milyonlarla ürəyin əbədi sakini kimi öz xatirə ömrünü yaşamaqdadır. O xatirə təkcə bu günün insanlarının yox, neçə-neçə nəsil bundan sonrakı insanların da qəlbində işıqdan, nurdan tökülmüş əzəmətli heykəl kimi yaşayacaq. Bizimsə borcumuz onu daim anmaq,yada salmaq, ilahiyə qovuşmuş müqəddəs obrazını xatirələrdə canlandırmaqdan ibarətdir.Bunu etməklə biz də öz ruhunuzun qapısını cənnətə açmış oluruq.
Heydər Əliyevə ayrılmış 80- illik ömür payı bir səyyarə ömrü qədər mənalı oldu.Onun bəsirətli, həssas qəlbi 50, hətta 100 il sonra nə olacağını, nə baş verəcəyini əvvəlcədən duyurdu..O, parlaq bir ulduz idi, Ulduz isə heç vaxt sönmür, sadəcə olaraq axıb qeyb olur.
VALEH MİRZƏ