DEPUTATLIQ XÜLYASI ( NOVELLA)
Saatın cingiltili səsi hamıdan qabaq Şirinbalanı yuxuda diksindirdi.O, gözünü açan kimi yerindən cəld sıçrayıb atası yatan çarpayıya tullandı.
-Ata! Ata! Saat altıdır!- deyə, onu dümsükləməyə başladı.
Yuxuda da deputatlıq xülyası ilə yaşayan Əbləh kişi bu axşam səhərə kimi başqa bir aləmdəydi.Cənnətin lap göbəyində xumarlandığı bir vaxt dili qurumuş Şirinbalanın hay-küyü onu elə bil Kobra ilanı çaldı.Gözünü açan kimi dəcəl oğlunun sinəsi üstündə atılıb-düşdüyünü gördü.Ancaq bu bal yuxunun təəssüratından ayılmırdı ki ayılmırdı. Bunu görən Şirinbala atasını sillələməyə məcbur oldu.
-Ay ata, tez ol,ayıl, saat yeddiyə işləyib!
Yeddi sözünü eşidən kimi Əbləh kişi yatağından elə sıçradı ki sinəsinə çökən Şirinbala özünü saxlaya bilməyib yerə sərildi.Əgər yorğan olmasaydı, döşəməyə dəyəndə yazıq uşaq qolsuz – qıçsız qalacaqdı. Şükürlər olsun ki, belə bir faciə baş vermədi.Əbləh kişi cəld dəstəyi qaldırıb sürücüsünün nömrəsini yığdı və salamsız-kəlamsız qeyzlə qışqırdı.
-Düz beş dəqiqəyə bizə gəlməsən özündən küs!
Göz qırpımında Şirinbala da geyinib atası ilə həyətə düşdü..Onlar qara ” mersedes”ə minib seçki məntəqələrinə tərəf yollandılar.Vəkillər və nəzarətçilər Əbləh kişinin qara maşınını zülmət gecədə tanıyıb, ona yaxınlaşdılar.
-İşlər əla gedir, şef!- deyə,həyəcanla tələlərinin baş tutduğunu bildirdilər.Bu xoş sözləri eşidəndə Əbləh kişinin gözləri parıldadı.Əlaltılarına bir neçə tapşırıqlar verəndən sonra özünəməxsus ədayla,-okkey!-deyərək , razı halda sürücüyə tərəf döndü.
-Dəbər!
Növbəti marşrutların hara olacağı sürücüyə dünəndən bəlli idi.Bir neçə dəqiqədən sonra qara mersedes rayondakı bəzi mühüm “obyektləri” “ziyarət” etdi və Əbləh kişinin imarətinə istiqamət aldı.
…Onlar evə qayıdanda Gürzə xanım hələ öz yatağında fısıldayırdı.Tələsi baş tutan Əbləh kişinin gözləri ayağının altını görmürdü.O, uşaqdan ar etmədən ayaqqabılı və paltarlı özünü atdı Gürzə xanımın üstünə.
-Ayıl,deputat arvadı, ayıl!-deyə, dəlicəsinə bağırdı.Sonra isə üzünü Şirinbalaya tutub dedi:
-Sənsə deputat oğlu soyunub arxayın yata bilərsən!Sabah bütün qəzetlər atan Əbləhin deputat olduğundan yazacaq. Sən də sinifdə yoldaşların qarşısında öyünəcəksən.Hə,davay,bay-bay!
Şirinbala sevincək halda telefon olan otağa qaçdı. Tez dostuna zəng vurub atasının artıq deputat olduğunu bildirdi. Dostu yuxulu gözünü bir az ovuşdurandan sonra əsnəyib-gərnəşdi və birdən diksinən kimi olub ağzını yenidən dəstəyə yaxınlaşdırdı.
-Alə, məni dolayırsan, liliput! Səhərin gözü elə indicə açılıb.Kimin deputat seçilib-seçilməyəcəyi məgər axşam bilinməyəcək?
Şirinbala səhərdən qara “mersedes”də müşahidə etdiklərini dostuna açmaq istəsə də, dostu qulaq asmayıb dəstəyi yerə qoydu. Hələ bir öz-özünə donquldandı da: -“Qlupıy malçişka!”
…Axşam Əbləh kişi evə çox gec qayıtdı. Gürzə xanımla oğlu Şirinbala o qədər gözlədilər ki, axırda oturduqları yerdəcə yuxuya getdilər. Biri deputat arvadı, biri də deputat oğlu xülyası ilə. Səhər tezdən Şirinbala heç kimi narahat etmədən təpədən dırnağa bayramsayağı geyinərək sevinə-sevinə məktəbə yollandı. Ona elə gəlirdi ki,indi bütün dünya atasının deputat olduğunu bilir.
…Sinfin qapısına çatanda onu ilk qarşılayan da elə dostu oldu. O, Şirinbalanı görcək üzünü yoldaşlarına tutaraq, istehzayla dilləndi:
-Uşaqlar,privetstvuyte sına deputata!
…Həmin gün məktəbdə hamı Əbləh kişinin məntəqələrdə törətdiyi fırıldaq işlərin necə açıldığından və deputatlığının baş tutmadığından danışırdı.Bu vaxt günahsız uşağın məzlum baxışlarını və xəcalət təri tökdüyünü görəndə isə adamın ürəyində qəzəb dolu bir nida səslənirdi: EH…DÜNYA….DÜNYA!…
VALEH MİRZƏ