O, PARLAQ BİR GÜNƏŞ İDİ, HOPUB NURU ÖMRÜMÜZƏ
Dahi bir şəxsiyyətin dünyasını dəyişməsindən iyirmi səkkiz il ötür.Əslində az təqvim ili olmasa da bu gün də Fəxri xiyabana tərəf axışan yüz minlərlə insana, onların məhzun çöhrələrinə və əllərindəki təzə-tər çiçəklərə baxdıqca düşünürəm ki, əgər insanların öz tarixi liderlərinə bəslədikləri bu sevgi və məhəbbət hissini ruhun tərəzisinə qoyub çəkmək mümkün olsaydı, bəlkə də Azərbaycan torpağının ağırlığına tən gələrdi.Ölkəmizin bütün ağır dönəmlərində olduğu kimi Heydər Əliyev itkisindən doğan kədər də xalqımızı eyni məqamda birləşdirir, müxtəlif əqidəli, düşüncəli məqsədli adamların hamısının yolu bir cığırda qovuşurdu.Bu,dünyaşöhrətli siyasətçi Heydər Əliyev türbəsinə gedən, Heydər Əliyev yoluna qovuşan işıqlı, nurlu yol idi…
Heydər Əliyev zəmanəsinin böyük filosofu kimi sülhü insanlığın təntənəsi sayırdı. Tarix elminin atası sayılan Herodotun dövründən bəri mövcud olan müharibə və sülhün ənənəvi fəlsəfəsindən əl çəkməyin vacibliyini ilk dəfə dərindən dərk edən də elə bu tarixi şəxsiyyət oldu.Müharibənin siyasətin başqa yolla davamı olduğunu təsdiqləyən militarizm siyasətini o, qətiyyətlə inkar edərək insan oğlunun yaşamasının, sivilizasiyanın xilas edilməsinin yeganə yolunun sülh olduğunu israrla təsdiq edirdi.- Onsuz da haqlı, yaxud haqslz müharibələrin hamısı sonda sülh sazişi ilə sona yetir,-deyirdi insanlığın atası. Fikir verin, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində aparılan demək olar ki, bütün danışıqlarda ali insanlıq hissləri ağlına hakim kəsilən,ürəyində Tanrısına və onun yaratdığı Allah bəndələrinə hədsiz məhəbbət hissi yaşadan Azərbaycan Prezidenti Heydər Əliyev bu münaqişənin sülh yolu ilə, qan tökmədən həll olunmasının halal torpaqlarımızın qeyd-şərtsiz Azərbaycana qaytarılmasının təşəbbüskarı idi. -Biz bundan sonra da qonşuluq şəraitində yaşamağa məhkumuq,biz gənclərimizi dostluq, yaxın qonşuluq, əməkdaşlığa meyllilik ruhunda tərbiyə etməliyik, düşmənçilik ruhunda yox,- deyirdi dahi insan. İstər birinci , istərsə də ikinci Qarabağ savaşında ətəşkəsi ilk pozan da, müharibəni ilk başlayan da heç biz olmadıq, baxmayaraq ki, torpaqlarımız düşmən tapdağında olduğu halda bu addımı atmağa məhz Azərbaycan ordusunun mənəvi haqqı, hüquqi əsası var idi. …Dəmir yumruğu düşmən başını darmadağın edən Silahlı qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev Ermənistan ordusu üzərində tarixi qələbəmizin ildönümündəki tarixi çıxışında bir daha erməni xalqına Heydər Əliyevin Sülh Fəlsəfəsini xatırlatdı. Dedi ki, sülh danışıqları əhəmiyyət vermədiyi halda Azərbaycan ordusu Azərbaycan xalqına məxsus olan halal torpaqlarımızı azad etməyə məcbur idi və azad etdi də. Siz özgəsinin torpağı uğrunda savaşa cəlb olunan və həlak olan minlərlə gəncinizin intiqamını öz xalqına qənim kəsilən faşist düşüncəli rəhbərlərinizdən-Köçəryandan, Sarkisyandan ,Paşinyandan və onların Azərbaycan xalqının qanına susayan cəllad hərbçilərindən hökmən almalısınız.
…Birinci Qarabağ savaşında Ermənistan ordusu himayədarları, xalqımızın, dövlətçiliyimizin düşmənləri sayılan xarici qüvvələr tərəfindən kifayət qədər bəhrələndiyindən və bunun əksi olaraq Azərbaycanda nizamlı ordu olmadığından, ölkədə vətəndaş müharibəsi alovu qızışdığından,Gəncədə və Lənkaranda silahlı qarşıdurmalar baş qaldırdığından, bir sözlə Azərbaycanda düşmənlə üz-üzə durduğumuz bir zamanda hakimiyyət davasına start verildiyindən bir-birinin ardınca məhrumiyyətlərə düçar olmağa məhkum idik.Belə kritik bir məqamda Azərbaycan xalqının təkidli tələbi ilə 1993-cü ildə ölkəyə rəhbərliyi öz üzərinə götürməyə məcbur olan Heydər Əliyev eyni zamanda bir neçə mühüm baryeri ram etməli , daxildə sabitliyə nail olmaq, ölkəni vətəndaş müharibəsindən xilas etməli və ən vacib məsələnin, döyüş meydanında bizdən qat-qat güclü olan Ermənistanla atəşkəs müqaviləsinin bağlanmasına nail olmaq idi.Bu mövzu ilə bağlı çoxlu məqalələr yazıldığından dəyərli oxucuları yormamaq naminə bir kəlmə ilə fikrimi konkretləşdirirəm: Dünyaşöhrətli siyasətçi Heydər Əliyev Azərbaycanın gələcək taleyini, ümumiyyətlə onun tarixin səhnəsində mövcudluğunu təmin edəcək bu iki vacib məsləni heç kimin ağlına belə gətirə bilməyıcəyi siyasi manevrlərlə həll etdi.Ancaq o, buna Azərbaycan xalqı , Azərbaycan dövlətçiliyi naminə Tanrı eşqinə öz şəxsi həyatı bahasına nail oldu.
…Türk dünyasının qüdrət sahibi olan Heydər Əliyev öz siyasi bacarığı və qəbul etdiyi düzgün, çevik qərarlar sayəsində nail olduğu uğurların səbəbini belə izah edirdi: -Üç dövlət atributu dövlətçiliyi qorumaq üçün əsas şərtdir; Ordu Quruculuğu, Xarici Siyasətdə nailiyyət, bir də Daxili İşlər Orqanlarının fəaliyyətində dönüş . Dövlətin daxilində sabitliyə nail olmadan əvvəlki iki şərtin uğuruna nail olmaq mümkünsüzdür .Mən Azərbaycan polisinə çox güvənirəm və öz taleyimi də, xalqımın taleyini də ona etibar edirəm!
ASLAN MİRZƏZADƏ