JURNAKİSTİKADA LƏKƏ, YAXUD SARI İNTERNET YENƏ MEYDAN OXUYUR
(ARXİV)
Biz jurnalistləri cızığımızdan çıxmağa qoymayan, ən kəskin tənqidi yazılarda belə etik normaları pozmamağı, hər hansı bir məqaləni hazırlayarkən hədəfdən yayınmamağı təlqin edən sovet qanunlarını bəyənmirdik, özümüz öz sinəmizə sığmırdıq, söz azadlığı arzulayırdıq. Buna da nə az, nə çox, düz yetmiş illik gözləntidən sonra nail olduq və birdən püskürməyə hazır olan dolmüş vulkana çevrildik. Hüquqşünas olmayanlar hüquq qəzeti, iqtisadçı olmayanlar iqtisadi, siyasətin nə demək olduğunu qanmayanlar isə siyasi qəzetlər açdılar, hətta bəzi qəzetlərin adları altında yazılan devizləri oxuyanda adam lap dəhşətə gəlirdi: “Ədəbi publisistik iqtisadi, ictimai-siyasi, hüquq qəzeti”. Təsəvvür edin: savadı, dünyagörüşü, təcrübəsi olmayan bir qəzet redaktoru ölkənin bütün taleyüklü problemlərini həll etmək iqtidarında olduğunu həyasızcasına iddia edirdi və çox təəssüflər olsun ki, Avropa ailəsinə qoşulduğumuz bir dövrdə bunun qarşısını almaq da mümkün deyildi. Necə deyərlər, kim kor atını hara istəyirsə, ora da çapırdı. Artıq milli faciəmizə çevrilən mətbuatımızın üz qatı cırılandan sonra astarında olan yamaqlar açıq-aydın görünməyə başladı. Ölkədə mətbuatın fəaliyyətini tənzimləyən müstəqil qurumun – Mətbuat Şurasının yaranmasına ehtiyac da bax, elə onda yarandı və sonradan “sarı” adı qazanan bu qara piyara qarşı mübarizəyə start verildi . Ötən bu müddət ərzində xərçəng xəstəliyinə çevrilən bu qaragüruhçuların sayı o qədər artmışdı ki, onlara qarşı cəmiyyətin müxtəlif təbəqələri mübarizəyə qalxmağa məcbur oldu. Yalnız bütün qüvvələr səfərbər olunduqdan sonra sanballı ziyalıların, jurnalistlərin, müxtəlif peşə sahiblərinin bu ünsürlərə qarşı birgə mübarizəsi nəticəsində, ucuz söz sahiblərinin bazarı tədricən dağıldı. Artıq o qəzetləri alıb-oxuyan, auditoriya da hədsiz yalanlardan, iftiralardan bezdi və kiosklarda yatıb-qalan makulatura tayaları onları qiymətsiz edən sahibləri ilə bərabər meydanı tərk etdilər. Və bütün bu uğursuzluqları onların natəmiz əllərinin, çirkablı nəfslərinin, qeyri-peşəkar davranışlarının acı “bəhrəsi” idi. Yaxşı yadımdadır: 2005-ci ildə Mətbuat Günü münasibətilə Bakıdakı “Gülüstan” sarayında keçirilən təntənəli tədbirdə çıxışçılardan bir neçəsi sarı mətbuata, reket jurnalistlərə qarşı sərt qanunların tətbiq olunmasının vacibliyini vurğuladı. Ancaq möhtərəm cənab Prezident İlham Əliyev bu təklifi qəbul etmədi. Bütün çıxışlara münasibət bildirən İlham Əliyev misli görünməyən humanizm nümayiş etdirərək dedi ki, “Sarı mətbuat” adlandırılan o cızmaqara qəzetlərdə hamıdan çox mən haqsız tənqid olunuram, ancaq dözürəm də. Əgər bu qədər iftira dolu yazılara mən reaksiya vermirəmsə, demək siz də əhəmiyyət verməməlisiniz. Qoy nə istəyirlərsə, onu da yazsınlar. Və əgər o yazılanlar həqiqəti əks etdirmirsə, narahat olmağa da dəyməz. Mən sizə söz verirəm: Bu cür ünsürlər çox keçməyəcək ki, heç bir kənar təsir olmadan iflasa uğrayıb tarixin qara səhifəsinə çevriləcəklər. Çünki xalq özü başa düşəcək və artıq başa düşür ki, bu cür bohtançıların fitvasına heç vaxt uymaq olmaz.
Həmin tarixi çıxışın üstündən bir neçə il ötmüş hamıya meydan oxuyan qəzetlər bir-birinin ardınca müflisləşərək öz fəaliyyətlərini dayandırdılar və sıradan çıxdılar. Ölkə rəhbərinin uzaqgörənliyi bu məqamda da öz təsdiqini tapdı.
Məni, 30 ilin jurnalistini bu gün narahat edən bir başqa məsələ də mövcuddur. Şükürlər olsun ki, yaşadığımız bu qloballaşma dövründə ölkəmizdə də yeni informasiya texnologiyalarının fəaliyyət dairəsi genişlənir və artıq kompüter texnologiyalarının tətbiqi sahəsində inkişaf etmiş dövlətlərdən heç də geri qalmırıq. Bu gün Azərbaycanda kompüter şəbəkəsindən faydalananların və şəbəkədən səmərəli istifadə edənlərin sayı günbəgün artmaqdadır. Heç şübhəsiz ki, bu sahədəki uğurlarımız məni də hədsiz sevindirir. Ancaq məni narahat edən tamam başqa bir məsələdir. Jurnalistkanın imkanlarından məharətlə istifadə edən bəzi qeyri-peşəkar jurnalist toplumları yaranıb ki, onların yenicə yaxa qurtardığımız sarı mətbuatın yersiz iddialarını davam etdirmək məqsədi güddükləri açıq-aydın görünür. Onlar müxtəlif adlarda saytlar açaraq cəmiyyəti çaşdıran yazılarla çıxış edirlər. Həmişə vaxtı qabaqlamağa çalışan, insan ləyaqətini usanmadan alçaldan bəzi saytlar öz çirkin əməllərindən əsla əl çəkmirlər. Onlar artıq bütün meyarları pozurlar. Özü də gülməli görünsə də bu özbaşınalıqlar “demokratiya bayrağı” altında həyata keçirilir. Guya demokratik quruluşda heç kim heç nəyə görə məsuliyyət daşımamalıdır və cəzalandırılmamalıdır. Olduqca gülməli iddialardır, eləmi?! Şəxsiyyəti təhqir etməklə cəzasızlıq mühitinin kralına çevrilmək istəyən bu cür məddahlar, mətbuat rəhbərləri əslində bununla öz küçə əxlaqi keyfiyyətlərini nümayiş etdirmirlərmi?! Yalnız jarqonlardan, qeybətlərdən, dialektik ifadələrdən, nə bilim nələrdən ibarət olan söyüş toplumlarının müəllifləri sanballı jurnalist ola bilməzlər.
VALEH MİRZƏ,
BAKI ŞƏHƏRİ, 2013-CÜ İL
Paylaş