MəşurlarÖlkəYeni xəbərlər

Bir evdən üç bacı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsidir

  

 

…Bəli, bu yazıda bir evin, bir ailənin bu üç  qız övladının həyat yoluna işıq salmağa çalışacağam.  Həmin bacılar Xaçmaz rayonunun Çarxı kəndinin məzunlarıdır.Tam orta təhsillərini isə Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseydə alıblar. Və hər üçü hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsidir.

Əslində bu bacıların üçünün də eyni universitetdə təhsil almağı  diqqətimi çoxdan  cəlb etmişdi, necə deyərlər, onlar artıq mənim maraq dairəmə düşmüşdülər. Bu günlərdə universitet rəhbərliyinin  onları qəbul etməsi və tələbə bacılarla həmsöhbət olması, arzu-istəklərini dinləməsi,   məni də oxucular üçün maraq doğura biləcək  bəzi məqamları qələmə almağa həvəsləndirdi.

Bacılardan ən böyüyü və təcrübəlisi Sevil Qafarova hazırda Azərbaycan Dövlət Pedaqoju Universitetin  Kimya və biologiya fakültəsinin V kurs tələbəsidir. İlk olaraq elə  məhz bu ali məktəbi seçməsinin səbəbi barədə fikir və mülahizələrini dinlədim.

Müəllimlik  peşəsinin seçdiyimdən məmnunam

“2002-ci ildə Xaçmaz  rayonunun Çarxı kəndində anadan olmuşam. Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyi bitirmişəm.  Lisey  mənim üçün təkcə elm ocağı deyil, həm də həyat məktəbi olub. Siz də mənimlə razılaşarsınız ki, yaşadığımız bu gör-götür dünyasında gərək böyüklərdə  yaxşı nə varsa, onu əxz etməyi bacarasan. Bu həvəs  məndə uşaq yaşlarından olub və həmişə sevimli müəllimlərimə bənzəyəcəyimi qərarlaşdırmışam. Böyük düha sahibi olan Ulu Öndər  Heydər Əliyev zamanında və məqamında görün necə   gözəl  deyib: “Orta məktəbin vəzifəsi təkcə uşaqlara təhsil verməklə kifayətlənməməlidir, onlar  ilk növbədə vətən üçün  layiqli övladlar yetişdirməlidirlər”.Tam məsuliyyətimlə deyirəm ki, bir vaxtlar təhsil aldığım lisey də məhz belə məktəblərdəndir.Orta məktəb illərində ibtidai sinif müəllimim olan Mətanət Hacıbalayeva, sinif rəhbərim Səxavət Məmmədova mənim bugünkü uğurlarımın təməlini öz şəxsi nümunələri ilə qoyan müəllimlərimdəndir. Təkcə biliklərə  deyil, yüksək ali  insani keyfiyyətlərə yiyələnməyi  də onlardan  öyrənmişəm. Bir vaxtlar onların dilindən qopan,-qızlar üçün  ən gözəl peşə həkim, yaxud müəllimlikdir kimi  ifadələr  bugünədək qulağımda  sırğa olaraq qalmaqdadır.Əslində müəllimlik peşəsini seçməyimin səbəbi də bax, elə bu olub.Qəbul imtahanlarının nəticələrinə görə topladığım 480 balla bu gün  artıq V kursunda oxuduğum sevimli universitetimə qəbul olundum. Zərrəcə peşman deyiləm, çünki sevdiyim Kimya və biologiya fakültəsinin   artıq yuxarı kurs tələbəsiyəm. Çox keçməz mən də başqa müəllim həmkarlarım kimi   əlimə jurnal alıb sinfə daxil olaram, şagirdlərimə,- salam, uşaqlar,- deyə, səslənərəm.Onlar da, salam, müəllim,-  deyə, hədsiz sevgi  hissi ilə salamımı cavablandırarlar.Sonra isə elə ilk dərsdə tanışlıqdan sonra qısaca olaraq onlara  müəllimlik peşəsini seçməyimin sirlərini açıqlayaram.Qoy onlar da bilsinlər ki. həyatda müəlliminə oxşamağa çalışan şagird heç vaxt uduzmaz və onun uğurları daima bol olar. Çünki elə mən özüm  söylədiyim həqiqətlərə canlı nümunəyəm. Bunun üçünsə elə ilk gündən çalışacağam uşaqlara  kimya və biologiya fənlərini sevdirməklə yanaşı  onların diqqətini   davranış  qaydalarıma alışdırım. Arzu edirəm bu gün  müəllimlərim haqda söylədiklərimi gələcəkdə şagirdlərim mənim haqqımda uəkdolusu  təkrarlasınlar.Bu, mənim üçün əsil xöşbəxtlik olar, hədər yerə  müəllim olmadığıma bir daha sevinərəm. Sevinərəm ki,  vətənpərvər  gənclər  yetişdirən bir təhsil ocağında  mənim də öyüd-nəsiətlərim  yetirmələrimin  gələcək həyatlarına işıq saçıb, onları  bütün arzularına  qovuşdurub.

Məktəbdə də, universitetdə də fəal

Orta məktəbdə oxuyarkən  dərs əlaçısı olmaqla bərabər məktəbin ictimai işlərində də fəallıq nümayiş etdirib. Təhsil ocağıni region üzrə intellektual yarışlarda təmsil edib. 2019-cu ildə isə Xaçmaz şəhər məktəblərarası intellektual yarışmasında təmsil  etdiyi  məktəb adını I yerdə qərarlaşıb.  “Sosial aktivliyimi universitetə qəbul olandan sonra da davam etdirmişəm. Fakültələrarası intellektual yarışda Kimya-biologiya fakültəsi olaraq birinci yeri qazandıq. İlk vaxtlardan ADPU-nun Tələbə Gənclər Təşkilatının daxilində pillə-pillə addımlayaraq fakültə rəhbəri kimi fəaliyyət göstərdim. Daha sonra  IV kursda ADPU TV-yə “Ya danış, ya keç” adlı layihəmi irəli sürərək, onun icrasında aparıcı rolda çıxış etdim. Bundan əlavə fakültəmizin Tələbə Elmi Cəmiyyətinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu və 100-cü ildönümünə həsr olunan Elmi Konfransında iştirakçı oldum. 2022-ci ildə keçirilən konfransda kimya üzrə elmi işimi  təhvil verdim. Bu  ilk işimdə mənə yaxından dəstək olan  müəllimim Nazəni Novruzovaya  təşəkkürümü bildirirəm. 2023-cü ildə isə həm kimya, həm də biologiya üzrə elmi işimi müdafiə etdim.  Üniversitet həyatımda daima mənəvi dəstəyini hiss etdiyim  müəllimlərdən biri də  Sevil Şirəliyevadır. Ümumiyyətlə mən imza atdığım bütün uğurlara görə  başda atam və anam olmaqla  müəllimlərimin hər birinə minnətdarlığımı bildirirəm.

2023- ilin 19 oktyabr tarixində ADPU-nun  rektoru Cəfər Cəfərov bizimlə görüşdü. Rektorumuzun biz üç bacı ilə etdiyi səmimi söhbət, verdiyi tövsiyələr  həqiqətən çox dəyərli idi. Göstərilən bu diqqətə görə  rektorumuza  təşəkkürlərimizi bildiririk

              “Kiçik  Qafqaz regionunun ekoloji problemləri”

Sevda  Qafarova 2004-cü ildə Xaçmaz şəhər Çarxı kəndində doğulub.   Bacıları kimi o da Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli  məktəb-liseyi  bitirib. Müəllimlərinin bütün müsbət keyfiyyətlərindən  bəhrələnib:“Coğrafiya müəllimim Şahin Əliyev  bu fənni  mənə  necə sevdirdisə   artıq  gələcəkdə coğrafiya müəllimi  olacağmı qərarlaşdırdım.  2020-ci ildə tam orta təhsil attestatını aldım və  hazırlaşdığım qrup üzrə yaradılan sinifdə təhsilimi davam etdirdim. Sinif rəhbərim Sitarə Novruzova  mənə yaxından dəstək idi. Deyirdi ki, bu məktəbdə  davamçım sən olmalısan.Coğrafiya üzrə bütün sualları həmişə mənə ətraflı izah edirdi. Buna görə də əgər mənə, -müəllimlik  peşəsini  sənə kim sevdirdi? – sualı versələr cavabım Sitarə Novruzova olacaq.  Hazırda da o,universitet həyatımda qazandığım bütün uğurlarıma  görə məni çox dəstəkləyir və həmişə  yanımda olduğunu bildirir. 2022-ci ildə DİM-in  apardığı qəbul imtahanında  ümumi nəticəm  307,8 bal olmuşdu. Bunun 120 balı coğrafiya fənnindən  idi, çünki bu,  ən sevdiyim fənn idi .  2023-cü ilin mayında  ADPU-nun Tarix və Coğrafiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin keçirdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan  Elmi Konfransda  çıxış etdim.Müəllimim Türkan Məmmədovanın rəhbərliyi ilə  hazırladığım “Kiçik Qafqaz regionunun ekoloji problemləri” mövzusunda məqalə ilə çıxış edərək  qalib oldum.

“ Müəllim sizsiniz”  yarışmasında I  yer

 Nisə Qafarova da orta məktəb illərində qazandığı uğurlardan həvəslə söz açdı: 2006-cı ildə  Xaçmaz rayon Çarxı kəndində anadan olduğunu söylədi. Dedi ki, o da  2012-ci ildə Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseydə təhsil alıb.  Xaçmaz Hazırlıq Mərkəzinin keçirdiyi “Müəllim sizsiniz” yarışında    I yerə, bacısı  Sevda isə III  yerə layiq görülüb .  XI sinifdə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanında yüksək nəticəsinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetə qəbul olunub  və hazırda   Riyaziyyat fakültəsində  İnformatika müəllimliyi üzrə təhsil alır. Digər iki bacısı  kimi  o da  universitetdə  dövlət sifarişi əsasında oxuyur. Nisə Qafarova   1-ci kursda ADPU-nu    fəal tələbələrdən biridir.O, ADPU TV-də aparıcı namizəd, Tələbə Gənclər Həmkarlar İttifaqında  qrup meneceridir. İstedadlı tələbə qız  8 Noyabr Zəfər Günü ilə  bağlı keçiriləcək  tədbirdə çıxış etməyə  ciddi hazırla..

Üç tələbə qızı, üç mehriban bacını dinlədikcə  ürəyimdə onların  hər birinə ayrı-ayrılıqda hörmət və  rəğbət , valideyinlərinə,  müəllimlərinə, təhsil aldıqları müqəddəs  təhsil  ocaqlarına  isə hədsiz   hörmət və ehtiram hissləri bir-birini  hədsiz coşqu hissi ilə əvəzləyirdi.

Sifai SƏFƏROVA