Bir evdən üç bacı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsidir
…Bəli, bu yazıda bir evin, bir ailənin bu üç qız övladının həyat yoluna işıq salmağa çalışacağam. Həmin bacılar Xaçmaz rayonunun Çarxı kəndinin məzunlarıdır.Tam orta təhsillərini isə Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseydə alıblar. Və hər üçü hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsidir.
Əslində bu bacıların üçünün də eyni universitetdə təhsil almağı diqqətimi çoxdan cəlb etmişdi, necə deyərlər, onlar artıq mənim maraq dairəmə düşmüşdülər. Bu günlərdə universitet rəhbərliyinin onları qəbul etməsi və tələbə bacılarla həmsöhbət olması, arzu-istəklərini dinləməsi, məni də oxucular üçün maraq doğura biləcək bəzi məqamları qələmə almağa həvəsləndirdi.
Bacılardan ən böyüyü və təcrübəlisi Sevil Qafarova hazırda Azərbaycan Dövlət Pedaqoju Universitetin Kimya və biologiya fakültəsinin V kurs tələbəsidir. İlk olaraq elə məhz bu ali məktəbi seçməsinin səbəbi barədə fikir və mülahizələrini dinlədim.
Müəllimlik peşəsinin seçdiyimdən məmnunam
“2002-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuşam. Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyi bitirmişəm. Lisey mənim üçün təkcə elm ocağı deyil, həm də həyat məktəbi olub. Siz də mənimlə razılaşarsınız ki, yaşadığımız bu gör-götür dünyasında gərək böyüklərdə yaxşı nə varsa, onu əxz etməyi bacarasan. Bu həvəs məndə uşaq yaşlarından olub və həmişə sevimli müəllimlərimə bənzəyəcəyimi qərarlaşdırmışam. Böyük düha sahibi olan Ulu Öndər Heydər Əliyev zamanında və məqamında görün necə gözəl deyib: “Orta məktəbin vəzifəsi təkcə uşaqlara təhsil verməklə kifayətlənməməlidir, onlar ilk növbədə vətən üçün layiqli övladlar yetişdirməlidirlər”.Tam məsuliyyətimlə deyirəm ki, bir vaxtlar təhsil aldığım lisey də məhz belə məktəblərdəndir.Orta məktəb illərində ibtidai sinif müəllimim olan Mətanət Hacıbalayeva, sinif rəhbərim Səxavət Məmmədova mənim bugünkü uğurlarımın təməlini öz şəxsi nümunələri ilə qoyan müəllimlərimdəndir. Təkcə biliklərə deyil, yüksək ali insani keyfiyyətlərə yiyələnməyi də onlardan öyrənmişəm. Bir vaxtlar onların dilindən qopan,-qızlar üçün ən gözəl peşə həkim, yaxud müəllimlikdir kimi ifadələr bugünədək qulağımda sırğa olaraq qalmaqdadır.Əslində müəllimlik peşəsini seçməyimin səbəbi də bax, elə bu olub.Qəbul imtahanlarının nəticələrinə görə topladığım 480 balla bu gün artıq V kursunda oxuduğum sevimli universitetimə qəbul olundum. Zərrəcə peşman deyiləm, çünki sevdiyim Kimya və biologiya fakültəsinin artıq yuxarı kurs tələbəsiyəm. Çox keçməz mən də başqa müəllim həmkarlarım kimi əlimə jurnal alıb sinfə daxil olaram, şagirdlərimə,- salam, uşaqlar,- deyə, səslənərəm.Onlar da, salam, müəllim,- deyə, hədsiz sevgi hissi ilə salamımı cavablandırarlar.Sonra isə elə ilk dərsdə tanışlıqdan sonra qısaca olaraq onlara müəllimlik peşəsini seçməyimin sirlərini açıqlayaram.Qoy onlar da bilsinlər ki. həyatda müəlliminə oxşamağa çalışan şagird heç vaxt uduzmaz və onun uğurları daima bol olar. Çünki elə mən özüm söylədiyim həqiqətlərə canlı nümunəyəm. Bunun üçünsə elə ilk gündən çalışacağam uşaqlara kimya və biologiya fənlərini sevdirməklə yanaşı onların diqqətini davranış qaydalarıma alışdırım. Arzu edirəm bu gün müəllimlərim haqda söylədiklərimi gələcəkdə şagirdlərim mənim haqqımda uəkdolusu təkrarlasınlar.Bu, mənim üçün əsil xöşbəxtlik olar, hədər yerə müəllim olmadığıma bir daha sevinərəm. Sevinərəm ki, vətənpərvər gənclər yetişdirən bir təhsil ocağında mənim də öyüd-nəsiətlərim yetirmələrimin gələcək həyatlarına işıq saçıb, onları bütün arzularına qovuşdurub.
Məktəbdə də, universitetdə də fəal
Orta məktəbdə oxuyarkən dərs əlaçısı olmaqla bərabər məktəbin ictimai işlərində də fəallıq nümayiş etdirib. Təhsil ocağıni region üzrə intellektual yarışlarda təmsil edib. 2019-cu ildə isə Xaçmaz şəhər məktəblərarası intellektual yarışmasında təmsil etdiyi məktəb adını I yerdə qərarlaşıb. “Sosial aktivliyimi universitetə qəbul olandan sonra da davam etdirmişəm. Fakültələrarası intellektual yarışda Kimya-biologiya fakültəsi olaraq birinci yeri qazandıq. İlk vaxtlardan ADPU-nun Tələbə Gənclər Təşkilatının daxilində pillə-pillə addımlayaraq fakültə rəhbəri kimi fəaliyyət göstərdim. Daha sonra IV kursda ADPU TV-yə “Ya danış, ya keç” adlı layihəmi irəli sürərək, onun icrasında aparıcı rolda çıxış etdim. Bundan əlavə fakültəmizin Tələbə Elmi Cəmiyyətinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu və 100-cü ildönümünə həsr olunan Elmi Konfransında iştirakçı oldum. 2022-ci ildə keçirilən konfransda kimya üzrə elmi işimi təhvil verdim. Bu ilk işimdə mənə yaxından dəstək olan müəllimim Nazəni Novruzovaya təşəkkürümü bildirirəm. 2023-cü ildə isə həm kimya, həm də biologiya üzrə elmi işimi müdafiə etdim. Üniversitet həyatımda daima mənəvi dəstəyini hiss etdiyim müəllimlərdən biri də Sevil Şirəliyevadır. Ümumiyyətlə mən imza atdığım bütün uğurlara görə başda atam və anam olmaqla müəllimlərimin hər birinə minnətdarlığımı bildirirəm.
2023- ilin 19 oktyabr tarixində ADPU-nun rektoru Cəfər Cəfərov bizimlə görüşdü. Rektorumuzun biz üç bacı ilə etdiyi səmimi söhbət, verdiyi tövsiyələr həqiqətən çox dəyərli idi. Göstərilən bu diqqətə görə rektorumuza təşəkkürlərimizi bildiririk
“Kiçik Qafqaz regionunun ekoloji problemləri”
Sevda Qafarova 2004-cü ildə Xaçmaz şəhər Çarxı kəndində doğulub. Bacıları kimi o da Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb-liseyi bitirib. Müəllimlərinin bütün müsbət keyfiyyətlərindən bəhrələnib:“Coğrafiya müəllimim Şahin Əliyev bu fənni mənə necə sevdirdisə artıq gələcəkdə coğrafiya müəllimi olacağmı qərarlaşdırdım. 2020-ci ildə tam orta təhsil attestatını aldım və hazırlaşdığım qrup üzrə yaradılan sinifdə təhsilimi davam etdirdim. Sinif rəhbərim Sitarə Novruzova mənə yaxından dəstək idi. Deyirdi ki, bu məktəbdə davamçım sən olmalısan.Coğrafiya üzrə bütün sualları həmişə mənə ətraflı izah edirdi. Buna görə də əgər mənə, -müəllimlik peşəsini sənə kim sevdirdi? – sualı versələr cavabım Sitarə Novruzova olacaq. Hazırda da o,universitet həyatımda qazandığım bütün uğurlarıma görə məni çox dəstəkləyir və həmişə yanımda olduğunu bildirir. 2022-ci ildə DİM-in apardığı qəbul imtahanında ümumi nəticəm 307,8 bal olmuşdu. Bunun 120 balı coğrafiya fənnindən idi, çünki bu, ən sevdiyim fənn idi . 2023-cü ilin mayında ADPU-nun Tarix və Coğrafiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin keçirdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan Elmi Konfransda çıxış etdim.Müəllimim Türkan Məmmədovanın rəhbərliyi ilə hazırladığım “Kiçik Qafqaz regionunun ekoloji problemləri” mövzusunda məqalə ilə çıxış edərək qalib oldum.
“ Müəllim sizsiniz” yarışmasında I yer
Nisə Qafarova da orta məktəb illərində qazandığı uğurlardan həvəslə söz açdı: 2006-cı ildə Xaçmaz rayon Çarxı kəndində anadan olduğunu söylədi. Dedi ki, o da 2012-ci ildə Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseydə təhsil alıb. Xaçmaz Hazırlıq Mərkəzinin keçirdiyi “Müəllim sizsiniz” yarışında I yerə, bacısı Sevda isə III yerə layiq görülüb . XI sinifdə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanında yüksək nəticəsinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetə qəbul olunub və hazırda Riyaziyyat fakültəsində İnformatika müəllimliyi üzrə təhsil alır. Digər iki bacısı kimi o da universitetdə dövlət sifarişi əsasında oxuyur. Nisə Qafarova 1-ci kursda ADPU-nu fəal tələbələrdən biridir.O, ADPU TV-də aparıcı namizəd, Tələbə Gənclər Həmkarlar İttifaqında qrup meneceridir. İstedadlı tələbə qız 8 Noyabr Zəfər Günü ilə bağlı keçiriləcək tədbirdə çıxış etməyə ciddi hazırla..
Üç tələbə qızı, üç mehriban bacını dinlədikcə ürəyimdə onların hər birinə ayrı-ayrılıqda hörmət və rəğbət , valideyinlərinə, müəllimlərinə, təhsil aldıqları müqəddəs təhsil ocaqlarına isə hədsiz hörmət və ehtiram hissləri bir-birini hədsiz coşqu hissi ilə əvəzləyirdi.
Sifai SƏFƏROVA