DünyaƏdabiyyatMəşurlarÖlkə

QƏLBİ ŞEİRİYYƏTLƏ QANADLANAN                   RÜFƏT İSAYEVİN POETİK DÜNYASINA BAXIŞ

Fotonu aç

…Onun yaradıcılıq nümunələrini  nəzərdən keçirdikcə,qəlbi şeiriyyətlə qanadlanan poetik düşüncəli bir yazarın mənəvi dünyasına baş vurduqca həssas qəlbli bir insanın zəngin ruhuna vurulmamaq mümkün deyildi.

 …Onunla tanışlığımız iş prosesində baş tutdu.Xəzər Universitetinin mətbəə rəhbəridir. Xəzər Xəbər jurnalının növbəti nömrəsi dərc olunan  vaxt mən mətbəəyə düşməli oldum.Bir az jurnalla bağlı fikir mübadiləsi apardıq. Mətbəə direktorunun yaradıcılıq keyfiyyətlərini öncə  həmin söhbət zamanı duydum. Söhbətimiz dərinləşdikcə mən onun yurnalla bağlı yaradıcılıq məharətinə vurğunluğumu gizlədə bilmədim vəona ,-siz yaradıcı adama oxşayırsınız,-söylədim.Mətbəədə çalışan xanımlar mənə işarə etdilər ki, yanılmamısınız,Rüfət müəllim özü də şairdir və gözəl şeirlər müəllifidir.Sonra onlar direktordan gizlicə onun bir kitabını da mənə tanış olmaq üçün hədiyyə etdilər.Mən iş otağıma qayıtdım və kitabın bəzi məziyyətləri ilə tanış olmağa başladım.Olduqca gözəl məzmunlu şeir dünyasının qapıları açıldı üzümə. Rahat həyat yaşamadığı da şeirlərində dil aşıb fəğan qoparırdı.Ətrafında gedən proseslərə reaksiya verərək şeirin gah xəncər, gah da məlhəm dili ilə bəzən üsyan edir,  bəzən də  oxucunu öz şeir qatarında səyahətə çıxarırdı.”Hər kəsin öz yeri var” şeirində şair deyir:

Dünya həyatının ötəri zövqü,

Bəşər övladına olubdur ölçü.

Tanrı dərgahına edəndə köçü,

Bu fani dünyada qalır əməllər.

 

Məşhər meydanında əldə dəftəri,

Allhım verəcək hər kəsə əmri.

Əməlisalehin cənnətdir yeri,

Seçilir insanın hər bir əməli.

 

Rəbbimin özüdür əməli seçən,

Orda nə şərab var, nə də ki içən.

Nə böyük villalar, nə də göydələn,

Hər kəsə bir yer var-cənnət-cəhənnəm.

 

Yüksək tərbiyəvi və əxlaqi mativ yüklənən misralarda şair insanları haqqı nahaqqa qurban verməməyə çağırır, heç bir əməlimizin Ulu Tanrıdan gizli qalmadığını təlqin edir. Eyni öyüd-nəsihəti şair  “Kədər dənələri” adlı başqa bir şeirində də bəyan edərək yazır:

 

Heç zaman həyatda lovğalıq etmə,

Demə ki, bu həyat gülüb üzümə.

Tanrıya xoş gəlməz, salar zülümə,

Kədər dənələri ovuca sığmaz…

 

“Pulun hökmü” şeirində şair cəmiyyətdə  hökm sürən varlı-kasıb manasibətlərini  ustalıqla, müdrikcəsinə təhlil edərək üsyan edir:

 

…Bir kasıb məclisdə kəlam söyləsə,

Heç kimə xoş gəlməz, verər səs-səsə,

İmkanlı dil açıb, söyləsə nəsə,

Varlıya,-buyuirun, bəli,,- deyərlər.

Kasıba həmişə dəli deyərlər.

Qeyd edim ki,həyatın dərd adlı yükünü ürəyinə sığışdırmağa çalışan şair  laqeyd qala bilmədiyi bu mövzula dəfələrlə müraciət edir. Hiss olunur ki, bunlar müəllif tərəfindən yaşanan hisslərdir.”Ac və tox” şeiri buna əyani sübutdur:

 

Gəl mən deyim, sən qulaq as,

Bu dünyada nə çoxdur ac,

Çoxu gəzir ac-yalavac,

Aclar olub toxa möhtac.

 

Toxlar qurur hər bir işi,

Gah güldürür, gah ağladır,

Aclar işdə qəpik alır,

Yavan çörək güclə tapır.

 

Ət demirəm, yağ demirəm,

Bu, toxların vərdişidi.

Sən gördükcə yaz, ay Rüfət.

Bu, dünyanın gərdişidir.

 

İnsanları islah olunmağa  çağıran   istedadlı şair  Rüfət İsayev  daşıdığı ali insan adını doğruldanları acgözlərə şeirin dili ilə nümunə göstərir, onları haqq yoluna  qayıtmağa səsləyir:

 

Bu torpaqda uyuyubdur

Neçə igid, neçə ərən,

Bu dünyanın sonu budur,

Əl götürün pis əməldən.

 

Bir ətrafa nəzər yetir,

Gör nə qədər qara daş var,

Can odudur, böyük dərddir,

Başdaşında bu yazılar.

 

Bura Tanrı dərgahıdır,

Sorğu-sual ediləcək,

Yaxşı,yaman, ya haramdır,

Bundan sonra bilinəcək.

 

…Şairin lirik şeirləri də oxucunu ovsunlayaraq ruhun  qanadında ümmanlara qovuşdurur.”Ay” şeiri bu mənada olduqca ürəyəyatan  yaradıcılıq nümunəsi kimi səciyyəvidir Şair deyir:

 

Yerə baxıb gülə-gülə,

Ulduzlar da gəldi dilə,

Göy səmada o gözəl ay

Vurulmuşdu qızılgülə.

 

Ağcaqayın, iydə, çinar

Düzülübdür qatar-qatar

Xan çinara baş da əydi,

Bar-bəhərli o gilənar.

 

Bu dərədə axan çaya,

Kölgə saldı o sal qaya.

Dağ döşündən sallanaraq,

Boylanırdı gözəl aya.

 

…Şair Leyli adlı bir gözələ həsr etdiyi bənzərsiz  lirika nümunəsində gözəlliyə vurğunluğunu belə təsvir edir.

 

Bir ceyran yerişli,ülkər baxışlı,

Leyliyə salmışdım meylimi, Tanrı!

Nə sevgim  sönmədi, nə Leyli qandı,

Bu sevgim qəlbimdə alışıb-yandı.

 

…Bilmirəm ağıllı, yoxsa dəliyəm,

Əzizim, yenə də səni sevirəm,

 Sevirəm mən səni bir Məcnun kimi,

Bu sevgim ötübdür Əsli-Kərəmi.

 

…Qeyd edim ki, istedadlı  həmkarım Rüfət İsayev Rus Dili və Ədəbiyyatı institutunu ( Slavyan Universiteti) bitirdiyinə görə həm də rus dillidir, yəni rus dilini, rus ədəbiyyatını kifayət qədər  bilir.Bunu onun klassik rus ədəbiyytının banilərinin, xüsusilə  rus poeziyasının günəşi adlanan Aleksandr Sergeeviç Puşkinin, eləcə də Sergey Yeseninin, Mixail Lermontovun və başqa tanınmışların  şeirlərindən  bəzi nümunələri də ustalıqla dilimizə çevirib. Şairin mükəmməl tərcüməçilik fəaliiyəti ilə  fikirlərimi  ayrı bir yazıda təhlil edəcəyəm.

VALEH MİRZƏ

Şair, publisist.