Səfir Cahit Bağçı: Hesab edirəm ki, AzMİU Azərbaycanın İstanbul Texnik Universitetidir
Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və səfir Cahit Bağçı arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
“Kobramedia.az”ın yazdığına görə Universitetdən AZƏRTAC-a bildirilib ki, rektor çıxış edərək Azərbaycan və Türkiyə arasındakı tarixi qardaşlıq, dostluq əlaqələrinə diqqət çəkib və bu əlaqələrin Şuşa Bəyannaməsi ilə strateji müttəfiqliyə çevrildiyini qeyd edib: “Hesab edirəm ki, dünyada Azərbaycan-Türkiyə qardaşlığı timsalında başqa nümunə yoxdur. Ölkələrimiz arasındakı strateji müttəfiqlik bütün sahələrin inkişafı üçün əlverişli şərait yaradıb. Bundan istifadə edərək biz inteqrasiyanı gücləndirib təhsil sahəsini daha da inkişaf etdirə bilərik. Əlbəttə, bu istiqamətdə işlər aparılır, Türkiyə universitetləri ilə AzMİU arasındakı əlaqələr şaxələndirilir, yeni tərəfdaşlar qazanırıq. Azərbaycan müstəqillik qazandıqdan sonra böyük diqqət göstərilən bu proses Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə ən yüksək səviyyəyə qalxıb. Bu gün AzMİU-nun 40-a yaxın Türkiyə universiteti ilə qarşılıqlı faydalı əməkdaşlıq müqaviləsi, İstanbul Texniki Universiteti ilə ikili diplom müqaviləsi, onlarla istehsalat müəssisəsi, idarəetmə qurumu ilə sıx tərəfdaşlıq əlaqələri mövcuddur”.
Gülçöhrə Məmmədova müəllim və tələbə mübadilə proqramları çərçivəsində Türkiyə universitetləri və qurumları ilə əməkdaşlıqdan da danışıb: “Mübadilə proqramları çərçivəsində AzMİU Türkiyəyə ən çox müəllim və tələbə göndərən, eyni zamanda, qəbul edən universitetlərdən biridir. Bununla bağlı statistika olmasa da, şübhəsiz ki, AzMİU ilk üçlükdə yer alır. Təkcə İstanbul Su və Kanalizasiya İdarəsi (İSKİ) ilə əməkdaşlıq əsasında 200 tələbəmiz Türkiyənin su təchizatı, bu istiqamətdə idarəetmə metodları, tətbiq olunan elmi-texniki qurğularla tanış olub. İndi həmin gənclər yüksəkixtisaslı mühəndis kadrlar kimi ölkəmizin su təchizatı sektoru üzrə müxtəlif qurumlarında çalışırlar”.
Səfir Cahit Bağçı türkiyəli tələbələrin ən çox təhsil aldığı ikinci universitetdə – AzMİU-da olmaqdan məmnunluğunu ifadə edib. Cahit Bağçı AzMİU ilə bağlı təəssüratının yüksək olduğunu və səfirliyin universiteti yaxından izlədiyini, uğurlarına sevindiyini qeyd edib: “Hesab edirəm ki, AzMİU Azərbaycanın İstanbul Texnik Universitetidir. Burada formalaşan böyük təhsil ənənəsi inkişaf üçün böyük zəmin yaradıb. Türkiyəli tələbələrin böyük hissəsinin AzMİU-nu seçməsi, əlbəttə ki, təsadüfi deyil. Universitetdə formalaşdırılan sağlam mühit, tədrisin keyfiyyəti bizim gənclərimizin seçimində böyük rol oynayır”.
Səfir bildirib ki, AzMİU ilə Türkiyə universitetləri, həmçinin təşkilat və müəssisələri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi səfirlik tərəfindən hər cür dəstək bundan sonra da davam etdiriləcək: “Biz Azərbaycan tələbələrinin Türkiyədə təcrübə mübadiləsinə göndərilməsi məsələsini Elm və Təhsil Nazirliyi ilə müzakirə etmişik. Lazımi qərarlar qəbul olunandan sonra Türkiyə Hökumətinin maliyyəsi əsasında AzMİU-nun daha çox tələbəsini Türkiyəyə təcrübəyə göndərmək mümkün olacaq. Şübhəsiz ki, AzMİU-nun memarlıq və inşaat sahəsi üzrə elmi potensialı bizim müəssisələr üçün də faydalı ola bilər”.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb və AzMİU ilə səfirlik arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün hər iki qurumdan koordinator təyin olunub.