BU TARİXİ GÜNÜN HİKMƏTİ GƏLƏCƏKDƏ ŞİRİN YUXU KİMİ YOZULACAQ
(Xalq yazıçısı Anar Rzayevlə “Xəzər”də görüş)
2024-cü il martın 15-də Xəzər Universitetinin Mərkəzi Kampusunda Fikrət Əmirov Konfrans–Konferensiya Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevlə müəllim-tələbə heyətinin görüşü keçirilib.Görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəyli, akademiyanın elmi işçiləri, Yazıçılar Birliyinin katibi,Azərbaycan Mətbuat Şurasının sədri və “525-ci qəzet”in baş redaktoru şair-publisist Rəşad Məcid, şair və yazıçılar,mətbuat nümayındələri, eləcə də yazıçının müxtəlif sahələri təmsil edən yaxın dostları və ailə üzvləri iştirak ediblər. Tədbiri Xəzər Univesitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad.Hamlet İsaxanlı açaraq qonaqları və bütün iştirakçıları salamlayaraq dedi:
-Dünya yaranandan bəri onu gözəlləşdirən, zənginləşdirən inkişafını təmin edənlər böyük adamlar olublar.Bir qisim adamlar elmi , bir qisim sənayeni, bir qisim metallurgiyanı, bir qisimsə tarixi, mədəniyyəti, incəsənəti, musiqini və başqa sahələri inkişaf etdirməklə yer üzündə olan bütün millətləri formalaşdıra-formalaşdıra, əsrləri, qərinələri adlaya-adlaya tarixin bu gününə qovuşdurublar.Elə sahə də var ki, onu inkişaf etdirmək üçün adamda bilik, savad və bacarıqla bərabər fitri-istedad, yüksək yaradıcılıq potensialı, milli qürur hissi, Vətən sevgisi də olmalıdır. Bu,dəryaca dərin ümmanı xatırladan,asiman qədər hüdudsuz görünən, insanın varlığından ,canından, damarından, qanından süzülən, məkan həddi bilinməyən ədəbiyyatdır. O ədəbiyyat ki, insanların əsrlərboyu tərəqqiyə qovuşmasında, zamanın axarı boyunca yenilənməsində, şəxsiyyət olaraq formalaşmasında misilsiz rol oynayıb, insanlara həyatı, Ulu Tanrının yaratdığı bütün nemətləri sevməyi,əzizləməyi,bir də düşmənə nifrət etməyi öyrədib və bu gün də öz bənzərsiz missiyasını yerinə yetirməkdədir. Yazılı ədəbiyyatımız hələ işıq üzü görməyən tarixi dönəmlərdə belə biz bir xalq olaraq şifahi xalq ədəbiyyatımızdan- folklorumuzdan, bayatılarımızdan bəhrələnərək Koroğlu kimi, Dədə Qorqud kimi milli qəhrəmanlarımızı tanımışıq, onları sevmişik,təbliğ etmişik. Nizami Gəncəvi, Nəsimi, Əfzələddin Xaqani, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir və sair kimi dahi söz, düha sahibləri yetişdirib Azərbaycan torpağı. Bəli,onların hamısı və adlarını çəkmədiyim başqa düha sahibləri də öz dövrlərində zəmanələrinin böyük adamları olublar. Bu gün biz bu möhtəşəm Fikrət Əmirov Konfrans- Konferensiya Mərkəzimizdə də hədsiz sevgi və ehtiram hissi ilə böyük adamla-xalqımızın sevimli yazıçısı Anar Rzayevlə canlı ünsiyyətə toplaşmışıq. Vaxt yetişəcək, bu gün Xəzər Universitetində təhsil alan tələbələrimiz sabah müxtəlif sahələrdə fəaliyyətə başlayandan sonra universitet həyatlarında ən yaddaqalan bir gün kimi məhz bu tarixi günü coşqu hissi ilə xatırlayacaq, bu tarixi günün hikmətini gələcəkdə yuxu kimi yozacaqlar. Bu gün həm də onunla əlamətdardır ki, bu böyük adamla görüşümüz onun Doğum Gününə təsadüf edir.
Bütün zal ayağa qalxdı və Xalq yazıçısı iştirakçılar tərəfindən alqışlarla qarşılandı. Sonra isə Hamlet İsaxanlı böyük adamı səhnyə dəvət etdi və hər iki düha sahibi ənənəvi görüş səhnəsindən fərqli olaraq kresloda əyləşdilər. Öncə Anar Rzayevin həyat yoluna işıq salan video-çarx parçaları nümayiş olundu, sonra isə böyük adam mikrofonu əlinə alaraq tədbir iştirakçılarını salamladı və yaradıcılığına verilən dəyərə görə universitet rəhbərliyinə dərin təşəkkürünü ifadə etdi. Dedi ki,bir neçə gün öncə əziz dostum Hamlet İsaxanlının təşəbbüsü ilə Xəzər Universitetinin Gəncə Filialında da mərhum şairə anam Nigar Rəfibəyliyə həsr olunan möhtəşəm bir gecə keçirilib. Bunu, şübhəsiz Rəsul Rza ailəsinə, bütövlükdə Azərbaycan ədəbiyyatına verilən dəyər kimi qiymətləndirirəm və bir daha sizə öz dərin təşəkkürümü bildirirəm.
Olduqca səmimi keçən söhbət prosesində Hamlet İsaxanlı Xalq yazıçısının uşaqlıq, yeniyetməlik və gənclik illərini xarakterizə edən maraqlı detalları, əhvalatları iştirakçılar üçün səsləndirdi və verilən bütün sualları yazıçı tərəddüd etmədən ətraflı cavablandırdı. İki şair ailəsində dünyaya gələn istedadlı bir gənc niyə bəs şair deyil yazıçı oldu?- sualına cavab olaraq yazıçı söylədi ki, o da gənclik illərində yaradıcılığa demək olar ki, şeirlə başlayıb, sonrakı illərdə isə nəsr əsərləri, hekayə və povestlər, romanlar yazmaq həvəsi onu tədricən nəsrə tərəf yönləndirib. Yazıçı çoxlu şeirlərinin və hətta sözlərinə yazılan mahnıların da olduğunu söylədi və qardaş Türkiyədə yaşadığı dövrdə vətən həsrətilə yazdığı bir şeirə mərhum bəstəkar Emin Sabitoğlunun gözəl bir mahnı bəstələdiyi də xatırlandı. Hamlet İsaxanlı dedi ki, biz bu mahnının tarixçəsi barədə məlumatlıyıq və ona görə də onun bəstəkardan sonra ən gözəl ifaçısı olan müğənni İlqar Muradovu tədbirə dəvət etmişik.
Bu sözləri deyəndən sonra o, ifaçını səhnəyə dəvət etdi və kövrək notlara köklənən mahnının sözləri və musiqisi hamını, elə yazıçının özünü də təkrar kövrəltdi. Xüsusilə mahnının nəqarətində təkrarlanan bu misralar:
…Qoşulaq durnalara,
Vətənə uçaq, uçaq,
Altımış yaş yaxındır,
On beşi necə qucaq?!
Sonra Anar Rzayevin əsərləri əsasında çəkilən filmlərdən parçalar təqdim olundu və bu kinofilmlərin bəzi məziyyətləri ilə bağlı Akademiklə Xalq yazıçısı arasında fikir mübadiləsi aparıldı.
Tədbir diskussiya şəraitində keçdi. Sonda görkəmli Xalq yazıçısının Doğum Günü şərəfinə hazırlanan tort səhnəyə gətirildi və Xəzər Universitetinin Kamera Orkestrinin bədii rəhbəri, Musiqi və incəsənət departamentinin müdiri, Əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqova Anar Rzayevə gül dəstəsi təqdim etdi.
Valeh Mirzə
Bəyən
Şərh bildir
Paylaş