YASA DÖNƏN AD GÜNÜ, yaxud YERƏ SOXUM SƏNİ, BELƏ OĞUL!
( FELYETON ƏVƏZİ)
Ad günündə tək yaşayan anasına baş çəkən oğul təngnəfəs halda pilləkənləri qalxaraq qapının zəngini basır. Qapı çox gec açılır və taqətsiz görünən ana oğlunun boynuna sarılaraq, üzündən-gözündən doyunca öpə-öpə deyir:
– Nə yaxşı vaxtında gəldin a bala, bu gün də gəlməsəydin, sabaha çıxmağa ümidim yox idi.
Anasının daha nə deyəcəyini dinləməyə hövsələsi çatmayan oğul deyir:
– Anacan, bu gün sənin ad günündür, ona görə də yanına əliboş gəlməmişəm. Hələ bir gör oğlun sənə nələr alıb-gətirib!
Bu sözləri deyəndən sonra oğul əlindəki ərzaqları stolun üstünə düzə-düzə böyük bir qəhrəmanlıq göstəribmiş kimi deyir:
– Bu ərzaqları ad gününə hədiyyə kimi də qəbul edə bilərsən, ana, inşaallah gələn il ad gününədək bəs edər, bir az da qənaət etsən o biri ilə də çatar.
Bəli, torba yavaş-yavaş boşalır və oğul topdansatış mağazasından aldığı ucuz, istifadə müddəti ötmüş ərzaq məhcullarını stolun üstünə düzə-düzə deyir: -Bu sənin bir kilo soğanın, bu bir kilo kartofun, makaronun, qarğıdalı yağın, bir kilo düyü yarması, bir qutu çay, nə bilim daha nələr…və nələr…Əlqərəz, anacan, qonaq-qaran olsa , qızırğanma, düz bir illik azuqən var, ye-iç, kef elə.
…Düz bir il öncə anasına bu miqdarda ərzaq gətirən oğul günlərin bir günü yenə anası yaşayan ünvana gəlir, yastığında taqətsiz halda uzanan anasına yaxınlaşıb öpməyə cəhd göstərir, amma anasının gözlərinin açılmadığını və saralmış üzünün buz parçasına çevrildiyini görəndə əvvəlcə özünü itirir, sonra isə nə düşünürsə əhvalını belə pozmadan öz-özünə donquldana donquldana ayağa qalxır:
-Gedim qonşuları çağırım, aldığım ərzaqları görsünlər, sonra deməsinlər ki filankəsin anası acından öldü.
…Bu sözlər ana cəsədi üstündə doğma övlad dilindən səslənəndə adama elə gəlir ki bu an otağın üzü bozaran divarlarında bir nida hayqırır: -YERƏ SOXUM SƏNİ,BELƏ OĞUL!
Valeh Mirzə
Bütün reaksiyalar:
Muzahim Ismayilzade