MəşurlarÖlkəRəsmiUncategorized

Xaçatryanın məhkəməsi keçirilir – Yenilənir

 

xacatryanin-mehkemesi-kecirilir

 

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri – Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“KOBRAMEDİA.AZ”IN YAZDIĞINA GÖRƏ “Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadəsi alınır.

İş üzrə dövlət ittihamını xüsusi olaraq baş prokurorun köməkçisi, üçüncü dərəcəli ədliyyə müşaviri Müqəddəs Sultanov və İttiham idarəsinin prokuroru Cövdət Mehrəliyev müdafiə edir.

Qeyd edək ki, Xaçatryan Vaqif Çerkezoviç 1992-ci ildə Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə, əhalini deportasiya etməkdə və digər xüsusilə ağır cinayətlərdə ittiham olunur.

İttihamda deyilir ki, onun üzv olduğu dəstənin əməlləri nəticəsində 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər xəsarət alıb. Bundan başqa hadisələr vaxtı dövlətə və kənd sakinlərinə məxsus 5 milyon 496 min 900 manatlıq əmlak məhv edilib.

***

Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi Bayram Hacıyev ifadə verib.

Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi şəxsən tanımasa da, onun əməllərindən xəbərdar olduğunu deyib. Hacıyevin sözlərinə görə, hadisə vaxtı bütün kənd camaatı hücum edən dəstədə Vaqif Xaçatryannın da olduğunu deyirdilər:

“Hadisə günü və səhəri hamı Vaqif, Vaqif deyirdi. Hamı deyirdi ki, Vaqifin dəstəsidir.

Yadıma gəlir, rəhmətlik Qənimət kişi var idi, onun uşağını çaydandakı qaynar su ilə yandırdılar. Ümumiyətlə insanların çoxunu yandırırdılar”.

Zərərçəkmiş V.Xaçatryanın ən ağır şəkildə cəzalandırılmasını istəyib.

***

Zərərçəkmiş Fazil Hacıyev: “Meşəli hadisələrində ən qlobal cinayətkar budur. Vaqif bir evdən beş nəfəri diri-diri yandırdı”.

Zərərçəkmiş deyib ki, V.Xaçatryan qonşu kənddə yaşayıb:

“Bütün yolları bilirdi deyə, heç kəs onun əlindən qaça bilmirdi. Bu, polis əməkdaşını ayağından güllələdi. İnsanları evə yığıb yandırdı. Bu idi, bax bu…”

 

***

Arzu Rüstəmov da Vaqif Xaçatryanı şəxsən tanımır. O, Ağdam sakinidir, həmin vaxt da Ağdamda olub.

Zərərçəkmiş şəxsin hüquqi varisini bu işlə bağlayan hadisələr vaxtı Meşəli kəndində öldürülən qardaşı Hidayət Rüstəmovdur. H.Rüstəmov polis əməkdaşı olub. O, hadisələr vaxtı Meşəli kəndinə ezam olunubmuş:

“Qardaşım o kəndə polis nəfəri kimi getmişdi. 23 dekabrda ermənilər onu öldürüb yandırdılar. Səhəri gün qardaşımın külünü gətirib dəfn etdik”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rüstəmov Hidayət Eldar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. O, Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

***

İş üzrə zərərçəkmişlərdən biri də Şahin Kazımovdur.

Ş.Kazımovun qardaşı polis mayoru olub. Zərərçəkmişin sözlərinə görə, qardaşı, və digər şəxslərlə birlikdə maşınla xəstəxanaya gedəndə atəşə tutulublar:

“Bunlar Vaqif, Armayis, Armayısın qardaşı oğlu Spartak olub. Vaqifi də həmin dövrdən tanıyıram. Onun yaşadığı kənddə başçılar kim idi, onları yaxşı tanıyıram. Ən qatı cinayətkar, həmin hadisələrin başçısı Qapariyan Dəmir olub. Qırğında iştirak edənlər Badara, Daşbulaq kəndinin sakinləri idi. O qədər harınlamışdılar ki, gözləri heç nə görməyib. Dayımı yolda tutublar, Badara kəndinə aparmışdılar. Dayım oradan qaçmışdı. Evimizdə çörək yeyənlər, bizə qəsd etdilər. Onlar kimlərin sərrast atıcı olduğunu bilirdilər. Hər ev şəhid verib. Evimizdə çörək yeyib qardaşıma güllə atdılar. Bunlar insan deyillər”.

Digər zərərçəkmiş Məmməd Zeynalov deyib ki, ermənilər Novruz adlı kəndlinin evini yandırıb, çölə çıxmağa qoymayıblar:

“Mən bunları yaxşı tanıyıram. Badara kəndinə gedib-gəlmişəm. Körpə uşağı yandırmışdılar. Kosalardan köməyə gələn olmasaydı, oradan sağ çıxan olmayacaqdı. Yalan danışır burada. Hamısını özləri törədiblər. Əvvəllər bizim toylara gəlirdilər, biz də onlara gedirdik”.

V. Xaçaturyan zərərçəkmişi tanıyıb: “Məmmədilə bir yerdə odun qırmağa gedirdik. Mənim toyuma Meşəli kəndindən bir stol qonaq gəlmişdi”.

Sail Ağasəlim

Fotoda yandırılan polis, Azərbaycanın Milli Qəhrəmanı Hidayət Rüstəmov