MəşurlarÖlkəSiyasət

İLHAM ƏLİYEV: ŞUŞA AZƏRBAYCAN XALQININ ÜRƏYİDİR

– Azərbaycan xalqının tarixində Şuşanın özünəməxsus yeri və rolu vardır. Şuşa Qarabağın, Azərbaycanın, Şərqin və bütövlükdə dünyanın ən qədim və zəngin mədəniyyət mərkəzlərində biridir. Ulu əcdadlarımız, türk tayfaları tərəfindən əsası qoyulan Şuşa ən mürəkkəb tarixi şəraitdə belə özünün varlığını qoruyub saxlayıb, türk-müsəlman şəhəri kimi mədəni irsimizə böyük töhfələr verib. XVIII yüzillikdə Şuşanın Qarabağ xanlığının mərkəzinə çevrilməsi, Şuşanın sosial-iqtisadi, siyasi və mədəni inkişafı üçün olduqca əlverişli şərait yaradılıb. Belə ki, məhz o zaman burada müsəlman Şərq üslubuna xas olan binaların, qalaların, məscidlərin, karvansarayların, malikanələrin inşası, körpülərin salınması geniş vüsət alıb və şəhər daha sürətlə inkişaf edib…
Şuşanın qədim tarixi, mədəni irsi və Azərbaycanın dövlətçilik tarixində rolu barədə sualları cavablandırarkən bu kimi maraqlı fikirləri “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı ilə söhbətində Təhsil İnstitutunun Təhsil nəzəriyyəısi və tarixi şöbəsinin müdiri, pedaqji elmlər doktoru, professor İntiqam Cəbrayılov deyib.
O, bildirib ki, dəniz səviyyəsindən 1400-1800 metr yüksəklikdə yerləşən Şuşa Qırxqız, Kirs, Murov, Bağqıran və Sarıbaba dağları ilə əhatə olunur. Bu şəhər tarixi, memarlıq abidələri ilə yanaşı, təbiət abidələri ilə də zəngindir. Şəhərin coğrafi mövqeyi, havasının təmizliyi, müalicəvi əhəmiyyətli təbii sularının olması ona diqqət və marağı daha da artırır. Əslində Şuşa özü bütövlükdə bir abidədir, abidə-şəhərdir. Ümummilli lider Heydər Əliyevin Şuşa şəhəri haqqında fikirləri bu şəhərin nə qədər böyük tarixi əhəmiyyət daşıdığını göstərir: “ Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir… Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan guşəsidir. Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik olan böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır”.
Daha sonra professor türk-islam dünyasında Şuşa qalasının tarixi əhəmiyyəti,türk mədəni əlaqələrinin qorunub saxlanılmasında rolu, Azərbaycançılıq ideologiyasının təbliğat mərkəzi kimi mövcudluğu barədə tarixi faktlara əsaslanan fikir və mülahizələrini ifadə edib:

Şuşanın tarixi abidələrini Azərbaycan xalqının mənəvi pasportu adlandırmaq olar. Bu abidələr xalqımızın tarixi-mədəni yaddaşı, Qarabağ yurdunun ən qədim dövrlərdən Azərbaycana məxsusluğunun göstəricisidir. Bu abidələrdə xalqımızın düşüncə tərzi, milli psixologiyası, dünyagörüşü, inanc sistemi, torpağa, yurda bağlılıq əzmi, təhsil, elm, mədəniyyət sahəsində uğurları və digər xüsusiyyətlər əksini tapıb.
Tarixdən məlumdur ki, Şuşa şəhəri həmişə mədəniyyət mərkəzi kimi diqqəti cəlb edib. Şuşanın tarixinə dair yazılmış əsərlərdə, elmi araşdırmalarda onun siyasi, sosial-iqtisadi və mədəniyyət, o cümlədən təhsil tarixi ilə bağlı zəngin məlumatlar vardır. Bu baxımdan Firudin Şuşinskinin “Şuşa”, Məşədixanım Nemətovanın “Azərbaycanın epiqrafik abidələri”, Elçin Əhmədovun “Şuşa Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı”, Yaqub Mahmudov və Camal Mustafayevin “ Şuşa- Pənahabad”, Zəhra Muradovanın “Şuşa, hər daşı-qayası tarix”, Ənvər Çingizoğlunun “Şuşa şəhəri: Təbrizli məhəlləsi: tarixi-geneoloji tədqiqat”, Vasif Quliyevin “180 yaşlı Şuşa məktəbi”, Fariz Xəlillinin rəhbərliyi və Gülzadə Abdulova, Həbibə Əliyeva, Aygün Məmmədova, Şəhla Xəlilli ilə həmmüəllif olduğu “Şuşa: tarixi-mədəni irsin tədqiqi”, Fazil Zeynalovun “Şuşa müqəddəs Azərbaycan şəhəri”, Çingiz Qacarın “Köhnə Şuşa”, Nazim Məmmədovun “Azərbaycan Respublikasının Şuşa şəhərinin tarixi”, Nəsiman Yaqublunun “Şuşa ziyalıları: unudulmuş irs”, Elnur Mustafayevin “Şuşanın maddi-mədəni irsi (epiqrafik abidələr əsasında)” və digər müəlliflərin çoxsaylı tədqiqatları böyük elmi əhəmiyyət daşıyır.
İntiqam Cəbrayılov Şuşanın mədəni abidələri, görkəmli tarixi şəxsiyyətləri, qala-şəhərin mədəniyyət mərkəzləri, incəsənət nümunələri barədə geniş açıqlama verib:
Araşdırmalar göstərir ki, Şuşa şəhərində 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları, o cümlədən 72 tarixi abidə, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olub. Eyni zamanda Şuşada ümumi uzunluğu 1203 metr olan daş döşənmiş küçələr, 17 məhəllə bulağı da şəhərə gözəllik verən abidələr sırasında idi. Qeyd edək ki, Şuşa abidələrinin əksəriyyəti XIX yüzillikdə yaşayan memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Dövrün görkəmli nəqqaşı kimi tanınan Kərbəlayi Səfərəli isə həmin abidələri zövqlə işləyib və onları müxtəlif, rəngarəng çalarla zənginləşdirib.
Şuşanın tarixi abidələri türk-islam dünyası üçün böyük əhəmiyyət daşıyır. Çünki bu abidələr Azərbaycan tarixinin mədəniyyət nümunələri olmaqla yanaşı, həm də türk-islam dünyasının zəngin xəzinəsidir. Abidələrin strukturu, məzmunu bütövlükdə Azərbaycanın da daxil olduğu türk-islam dünyasının xüsusiyyətlərini özündə əks etdirir. Bu baxımdan Şuşanın abidələri həm də türk-islam mədəniyyətinin zənginləşdirilməsində mühüm rol oynayıb. Yuxarı Gövhər Ağa məscidi (XIX yüzillik), Aşağı Gövhər Ağa məscidi (XIX yüzillik), Saatlı məscidi (XIX yüzillik) və digər dini-tarixi, memarlıq abidələri milli mədəni irsimizin ən nadir inciləri sırasındadır. Qeyd torpağın, buradakı abidələrin təsir dairəsinə aid təhsil-tərbiyə mühitinin edək ki, Şuşada doğulmuş və sonralar Azərbaycanın və bütövlükdə türk, islam dünyasının böyük simaları kimi tanınmış bir sıra şəxsiyyətlər məhz bu yetirmələridir. Məsələn, XIX yüzillik Qarabağ memarlıq məktəbinin banisi Kərbəlayi Səfixan Qarabaği (1817-1910), rəssam, dekorativ boyakarlıq və ornament ustası Usta Qənbər Qarabaği (1830-1905), rəssam, xəttat, eyni zamanda yazıçı, musiqişünas, ədəbiyyatşünas Mir Möhsün Nəvvab (1833-1918) və digər tanınmış şəxsiyyətlərin adlarını qeyd edə bilərik. Qarabağ memarlığının, təsviri sənətinin inkişafında onların xüsusi xidmətləri olub. Onlar öz əsərlərində, tikililərdə, xüsusilə məscidlərdə Şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə ustalıqla əlaqələndirə bilib, möhtəşəm sənətkarlıq nümunələri yaradıb.
Şuşada inşa olunan memarlıq abidələrinin bu şəhərin qədim tarixə və mədəniyyət mərkəzinə məxsus olduğunu institut rəsmisi tarixi faktlarla belə izah edib:

Memar Kərbəlayi Səfixan Qarabaği (1817-1910) tərəfindən Şuşanın mərkəzi meydanında inşa edilən Yuxarı Gövhər Ağa məscidi böyük tarixi abidədir. Bu məscid 1883-cü ildə İbrahim xanın (1732-1806) xeyriyyəçi qızı, Mehdiqulqu xanın bacısı Gövhər ağanın (1790-1888) maddi vəsaiti əsasında tikilib. Şuşanın ümumi görkəmində ahəngdarlığı ilə diqqəti cəlb edən bu abidə də digər islam məkanları kimi xalqın inam, iman yeri, insanların mənəvi-ruhi dünyasının rahatlıq tapdığı yer kimi çox əzəmətlidir.
Cümə məscidi olan Yuxarı Gövhər Ağa məscidinin hündür olan oxvari minarələri və mərkəzi gümbəzinin şəhərin memarlıq kompozisiyasında dominantlıq təşkil etməsi Şuşa memarlığının özünəməxsus xüsusiyyətlərindən biri kimi qeyd oluna bilər. Belə ki, bu minarələrin hündürlüyü şəhərə gələn insanlara başlıca ticarət küçələri və meydanının yerini müəyyənləşdirmək imkanı yaradır, istiqamətverici rol oynayırdı.
Şuşa şəhəri işğal altında olduğu müddətdə Yuxarı Gövhər Ağa məscidi erməni qəsbkarları tərəfindən dağıdıldı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ, o cümlədən Şuşa şəhəri işğaldan azad edildikdən sonra bölgədə bərpa işləri başlandı. Bütövlükdə məscidin, o cümlədən onun interyerlərinin, minarələrinin dekorunun və çadırvari örtüklərinin bərpası ilə bağlı işlər həyata keçirildi. Yuxarı Gövhər Ağa məscidində başlanılan konservasiya və bərpa işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən aparıldı. Heydər Əliyev Fondu məscidin bərpasına xüsusi diqqət və qayğı göstərib. Bərpa işləri aparılarkən ilkin memarlıq üslubu nəzərə alınıb. Qeyd edək ki, 2023-cü il mayın 10-da ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada Yuxarı Gövhər Ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışında iştirak edib
Ulu Öndər Heydər Əliyevin quruculuq və yüksək vətənpərvərlik keyfiyyətləri sayəsində Şuşada mədəni irsin əsaslı şəkildə bərpası istiqamətində səmərəli addımların atıldığını İntiqam Cəbrayılov tarixi hadisə kimi səciyyələndirib:
Şuşanın tarixi abidələri sırasında Aşağı Gövhər Ağa məscidi xüsusi yer tutur. Bu cümə məscidi şəhərin Qapan meydanında yerləşir. XIX yüzillikdə bu məscidə bəzən Kiçik məscid də deyilirdi. Lakin ölçü baxımından hər iki cümə məscidi (Yuxarı Gövhər Ağa məscidi və Aşağı Gövhər Ağa məscidi ) oxşardır. Erməni qəsbkarları tərəfindən böyük dağıntılara məruz qalan Aşağı Gövhər Ağa məscidində Heydər Əliyev fondu tərəfindən ciddi bərpa-təmir işləri görülür. Bununla yanaşı Şuşada Mamayı və Çöl qala məscidlərinin də bərpası, eyni zamanda Yeni Şuşa məscidinin tikintisi Heydər Əliyev Fondu tərəfindən aparılır.
Tarixi araşdırmalardan məlumdur ki, Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Şuşada tarixi abidələrin və bütövlükdə mədəni irsin qorunması sahəsində ciddi çətinliklər yarandı. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbər təyin olunandan sonra milli mədəni irsin qorunması ilə bağlı ardıcıl və sistemli tədbirlər görülməyə başlandı. Sovet dövründə, 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev Şuşada mədəni irsin qorunması ilə əlaqədar gördüyü tədbirlər nəticəsində şəhərdə sosial-iqtisadi inkişafın sürətləndirilməsinə, tikinti, bərpa, quruculuq işlərinin daha da canlanmasına nail olundu. O zaman bilavasitə Heydər Əliyevin təşəbbüsü, tövsiyəsi və qərarı ilə 1977-ci ildə Şuşa şəhəri tarixi-memarlıq qoruğuna çevrildi.
Tarixi-memarlıq və şəhərsalma abidəsinin yüksək bədii əhəmiyyəti nəzərə alınaraq Şuşa şəhərinin tarixi-memarlıq qoruğuna çevrilməsi barədə Azərbaycan hökumətinin qərarı olduqca təqdirəlayiq idi.
Lakin 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı apardığı işağalçılıq siyasəti nəticəsində Qarabağda tarixi mədəni irsimizə böyük zərbə vuruldu. 1992-ci ilin mayın 8-də Şuşa şəhərinin düşmən tərəfindən işğalı zamanı burada tarixi-mədəniyyət abidələri yerlə-yeksan edildi. Əslində Şuşa şəhərini ələ keçirməklə 289 kvadratkilometr ərazisi, 24 min nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, onlardan 150 nəfəri əlil oldu, 522 uşaq öz valideynlərini itirdi, 58 nəfər isə itkin düşdü. 20 mindən çox Şuşa sakini isə məcburi köçkün həyatı yaşadı.
Araşdırmalar göstərir ki, işğalın davam etdiyi 29 il ərzində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160- dək mədəniyyət və tarixi abidə, 22 ümumtəhsil məktəbi, 7 uşaq bağçası, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey dağıdılıb, məbəd və məscidlər təhqir edilib, 20 kitabxana yandırılıb.
-Şuşa Azərbaycan xalqının ürəyidir!- söyləyən Azərbaycan Prezidenti İlham Əliyev cənablarının bu tarixi Mədəniyyət Paytaxtımızın azad olunması və onun yenidən bərpası istiqamətində nümayiş etdirdiyi əzmkarlığın misli-bərabəri olmadığını nəzəriyyəçi alim bu fikirlərlə təqdim edib:
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin, ordu və xalq birliyinin əzmi, mübarizəsi nəticəsində Azərbaycan ərazisi düşmən tapdağından azad edildikdən, Vətən müharibəsi- İkinci Qarabağ savaşında (27 sentyabr -10 noyabr 2020) Böyük Zəfərdən sonra torpaqlarımızın dirçəldilməsi, tarixi abidələrin bərpası, milli mədəni irsin qorunması istiqamətində böyük layihələr həyata keçirilməkdə, məqsədyönlü işlər görülməkdədir. Bu sırada təbiidir ki, Şuşanın özünəməxsus yeri vardır. Çünki Şuşa Azərbaycanın nadir incisidir, mədəniyyət paytaxtıdır. Türk dünyasının mədəniyyət paytaxtı kimi tanınıb, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2021-ci il tarixli, 1375 nömrəli Fərmanı ilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb. Bu gün Şuşa şəhərinin yenidən dirçəldilməsi, inkişafı naminə atılan qətiyyətli addımlar hər bir azərbaycanlının qəlbində iftixar hissi yaradır, Şuşaya, onun tarixi abidələrinə, ümumiyyətlə, bütövlükdə milli mədəni irsimizə, dini dəyərlərimizə olan sevgini artırır. Şuşa haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirləri ibrətamizdir: “… Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir. Hər dəfə Şuşada olarkən – mən son iki il ərzində Şuşada on dəfədən çox olmuşam ( 8 noyabr 2022-ci ildən əvvəlki dövr nəzərdə tutulur), hər dəfə Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən mən və əminəm ki, hər bir insan bir daha hərbçilərimizin qəhrəmanlığını, fədakarlığını, peşəkarlığını görür”.

Şuşanın qədim tarixi abidələrinin və Azərbaycan xalqına bəxş etdiyi tarixi şəxsiyyətlərin orta ümumtəhsil təktəblərində təmliğ olunması istiqamətində atılan addımları institut rəsmisi təqdirəlayiq hal kimi dəyərərək deyib:

Ümumtəhsil məktəblərində humanitar fənlərin, xüsusilə Azərbaycan tarixinin və Zəfər tarixinin tədrisində Şuşanın tarixi, o cümlədən onun abidələri haqqında məlumat əldə etmək imkanları genişdir. Təcrübə və araşdırmalar göstərir ki, ayrı-ayrı siniflərdə müxtəlif tarixi dövrləri əks etdirən mövzuları tədris edərkən şagirdlərə Şuşanın sosial-iqtisadi, siyasi həyatı ilə yanaşı, mədəni həyatı ilə, tarixi abidələrilə də bağlı geniş məlumat vermək, milli mədəni irsimizə verilmiş töhfələri, dini dəyərlərimizin qorunması əhəmiyyətini öyrənmək üçün müxtəlif informasiya mənbələri üzərində iş aparmaq vacibdir.

Şuşa Pənahəli xan Cavanşirin, Xurşidbanu Natəvanın, Əhməd bəy Ağaoğlunun, Firidun bəy Köçərlinin, Üzeyir bəy Hacıbəylinin Ceyhun Hacıbəylinin, Cabbar Qaryağdıoğlunun, Bülbülün, Xan Şuşinskinin, Fikrət Əmirovun, Hüseyn Baykaranın, Süleyman Ələsgərovun, Rəşid Behbudovun, Lətif Kərimovun anadan olduğu doğma yurd yeridir, bir sıra böyük mütəfəkkirlərin, ictimai, dövlət xadimlərinin vətənidir. Şuşa Cənab Prezident İham Əliyevin dediyi kimi Qarabağdır, Azərbaycandır, türk və müsəlman dünyasının mərkəzidir, mədəniyyət paytaxtıdır.Şuşa haqqında məlumatları tədris edərkən təkcə dərslik materiallarından deyil, əlavə tədris resurslarından da istifadə edərək şagirdləri Şuşanın mədəni irsi, tarixi abidələri haqqında dərindən tanış etmək imkanları qazanılmalıdır.Çünki Şuşanın tarixi abidələri Azərbaycanın milli sərvəti kimi əhəmiyyətli olmaqla yanaşı, həm də türk-islam dünyasının mənəvi xəzinəsidir. Bu abidələr xalqımızın milli tarixi yaddaşıdır. Bu tarixi yaddaşı qorumaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Ona görə də Azərbaycanın digər tarixi abidələri kimi Şuşanın tarixi abidələrini də daha dərindən tədqiq etməli, böyüməkdə olan nəsillərə onların yaranması, keçdiyi tarixi yol, qorunma zəruriliyi barədə ardıcıl və sistemli şəkildə məlumat verməli, milli dəyərlərimizi təbliğ etməliyik.

Söhbətləşdi: Sifai SƏFƏROVA