Yerevanda daha bir qalmaqal: keçmiş nazir qandallanır


 

 

Virtualaz.orq-un yazdığına görə Ermənistanın dövlət gəlirləri Komitəsinin keçmiş sədri Qaqik Xaçatryan xüsusilə iri məbləğdə dövlət vəsaitlərinin mənimsənilməsində, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur və bu gün axşam həbs olunacaq.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan jurnalistlərə bildirib.
“Bu gün səhər saatlarından etibarən Qaqik Xaçatryanın evlərində və ona məxsus ərazilərdə axtarışlar aparılır. Bundan sonra Xaçatryan Milli Təhlükəsizlik Xidmətinə gətiriləcək və orada istintaq departamenti onun statusunu müəyyən edəcək. İstisna deyil ki, ittiham digər maddələrlə tamamlansın”,-Vanetsyan deyib.
A.Vanetsyanın sözlərinə görə, söhbət on milyonlarla dollarlıq mənimsəmədən gedir. Qeyd edək ki, yoxsul Ermənistan üçün bu kifayət qədər iri məbləğdir.
Qaqik Xaçatryan Qarabağ klanının hakimiyyəti dövründə Ermənistanın ən iri oliqarx-məmurlarından biri olub. O, dövlət gəlirləri Komitəsinə rəhbər təyin edilməzdən əvvəl 8 il gömrük xidmətinə başçılıq edib. 2018-ci ilin aprelində hakimiyyət dəyişikliyindən sonra Xaçatryanın ABŞ-a qaçdığı bildirilirdi. Lakin daha sonra o geri qayıdıb. Belə məlumatlar dolaşırdı ki, yeni hakimiyyət Xaçatryandan oğurladığı pulları geri qaytarmağı tələb edir, amma keçmiş nazir bununla razılaşmır.
hetq.am portalı Qaqik Xaçatryan barədə o hələ nazir olarkən ifşaedici araşdırma dərc edib. Orada bildirilirdi ki, nazirin oğulları-Qurgen və Artyom 2010-cu ildə ABŞ-ın Los-Anceles şəhərinin prestijli rayonunda 14.4 milyon dollara dəbdəbəli malikanə alıb. Və həmin mülkü 35 milyon dollara satmağa hazırlaşırlar.
Xaçatryan bu faktı inkar etməmişdi və demişdi ki, oğulları mülkü “leqal yolla” alıblar, çünki yetkinlik yaşına çatmış şəxslər kimi ABŞ-da müstəqil bizneslə məşğuldurlar.
“KOBRAMEDİA.AZ”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir