YAŞAMAQ YANMAQDIR, YANASAN GƏRƏK

… Hələ erkən yaşlarından insan Ulu Tanrının yaratdığı bütün canlılardan fərqli olduğunu əvvəlcə hiss edir, sonra isə həyata baxışı, dərketmə qabiliyyəti, dünyagörüşü zaman-zaman inkişaf etdikcə təbiətin möcüzələrlə dolu qanunları onu addım-addım öz qapısına yetişdirir. Bu qapının arxasında ali hisslərin daşıyıcısı  olan ali varlığı gələcəkdə kamil bir şəxsiyyət kimi formalaşdıracaq zəngin bir aləm qarşılayır. Bu aləm yetişməkdə olan gənc nəslin gələcək fəaliyyətini tənzimləyəcək, onun ömrünə işıq saçacaq  zənginliklərlə  dolu bir dəryadır, – desəm, yanılmaram. Ömrü boyu öyrənməyə borclu olan insan bu dəryada nə qədər dərinə üzə bilsə, nə qədər fırtınalara, qasırğalara sinə gərə bilsə o qədər kamilləşəcək, o qədər saflaşacaq, cəmiyyət üçün ən varlı şəxsiyyət kimi formalaşaraq tarixin yaddaşında əbədiləşəcək.

Həyat bir məktəbdir, -deyirlər. Bu məktəbdə insanı kamilləşdirən, onun zehnini, ağlını inkişaf etdirənsə kitablardır, bir də müəllim. Heç bir cəmiyyət elmsiz inkişaf edə bilməz. Bu, inkaredilməz həqiqətdir. Elmi təlqin edənsə öyrədənlərdir. Dünyanı dərk edənlər, onun məcrasını işıqlı, nurlu şərəfə yönəltməyə qadir olanlar bu ali rütbəyə, bu ali qüdrətə yalnız dərin elmi biliklərə yiyələnmək yolu ilə nail olublar. Bu mənada Ulu Öndər Heydər Əliyevin söylədiyi tarixi fikirlər necə də ibrətamizdir. “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”, yaxud “Təhsil millətin gələcəyidir” deyib ümummilli lider Heydər Əliyev. Həyatda qazandığı bütün uğurlara, nailiyyətlərə görə bu tarixi şəxsiyyət özünü ancaq müəllimlərinin  qarşısında   borclu sayıb və onlara hədsiz məhəbbət aşılayıb.

… Haqqında ürək dolusu söhbət açmaq istədiyim dəyərli bir şəxsiyyətin ömür yoluna nəzər saldıqca yuxarıda söylədiyim fikirlər bu yazıma işıq tutan tərəf olaraq, həmin illəri onunla bərabər xəyalən addımlamağa məni həvəsləndirirdi. İlk baxışdan olduqca sadə, əslində zəngin və mürəkkəb bir həyat səlnaməsi olan bu insanla həmsöhbət olmaq necə də xoş imiş. Hər sözü, hər kəlməsi məna çalarları ilə zəngin olan, səmimiyyət simvoluna çevrilən  bu ziyalının  dərin fəlsəfi, eyni zamanda həyat və cəmiyyət barədə təzadlı fikirlərini dinlədikcə dinləmək arzusunda olursan. Zarafat deyildi, ömrünün əksər hissəsini qanunlarımızı, təəssübünə, hüquq-mühafizə sisteminin şəffaflığına həsr edən, prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışan, ümdə vəzifəsi hüququ pozulanların haqlarının özlərinə qaytarılması, cəmiyyətimizə, dövlətçiliyimizə ziyan vuran ünsürlərinsə layiqincə cəzalandırılması olan müdrik bir hüquqşünas idi qarşımda. Bu yerdə dünyaşöhrətli siyasətçi, Azərbaycanda dövlətçilik tarixinin təməlini qoyan Heydər Əliyevin söylədiyi bir tarixi fikri də xatırlatmaq yerinə düşərdi. Dahi lider deyib: “Dövlət o vaxt sarsılar ki, cinayətkar cəzasız qalsın, cinayəti olmayansa cəzalandırılsın.”

   Prokurorluq orqanlarında istər müstəntiq, istərsə də prokuror işlədiyi dövrlərdə bu tarixi tezisi öz məsuliyyəti və şərəfli fəaliyyətinin ana xətti sanıb o da. Bütün məqamlarda səmimiyyət  nümayiş etdirən, hüquqi biliklərindən məharətlə bəhrələnərək qanunun aliliyini göz bəbəyi kimi qoruyan həmsöhbətimin Azərbaycan dövlətçiliyinin fəal təəssübkeşi olduğu göz önündə idi. Müxtəlif illərdə Azərbaycan Respublikası Baş Prokurorluğun istintaqa nəzarət baş idarəsində prokuror, Qəbələ, Ağsu, Hacıqabul rayonlarında prokuror vəzifələrində çalışarkən onun səmərəli fəaliyyəti rəhbərliyin diqqətini cəlb edib və ona Baş Ədliyyə Müşaviri rütbəsi verilib.

Zəngin həyat yoluna və hüquq sistemində səmərəli fəaliyyətinə işıq saçmağa çalışdığım bu şəxs 1953-cü ildə Azərbaycanın dilbər güşələrindən biri olan Beyləqan rayonunun Bünyatlı kəndində dünyaya göz açan, 1970-ci ildə İmişli rayonunun Sarxanlı kənd orta məktəbini, 1978-ci ildəsə Bakı Dövlət Universitetinin (keçmiş S.M. Kurov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universiteti) hüquq fakültəsini bitirən, 1978-ci ildən 2013-cü ilə qədər prokurorluq orqanlarında çalışaraq qanunun aliliyinin qorunması istiqamətində fəallıq nümayiş etdirən böyük ziya sahibi Abduləli Qarakişi oğlu İsmayılovdur. Nə yaxşı ki, yaxşılar cərgəsində xoş əməkləri ilə günəş kimi parlayan, haqqın nahaqq üzərində qələbəsinin bütün məqamlarda soyuq ağlı, hərarətli qəlbi, dərin düşüncəsi, vətənə, insanlara hədsiz məhəbbət hissi ilə düz qırx il təmin edən belə bir dövlət ittihamçısı da olub. Və belələri ilə biz ancaq fəxr etməli, qürur hissi duymalıyıq. Xoş ki, mərhum xalq şairimiz Bəxtiyar Vahabzadə də bu qəbildən olan nadir şəxsiyyətlər haqqında belə düşünüb və ürəklərə sərinlik gətirən aşağıdakı misraları qulağımıza pıçıldayıb:

Yaşamaq yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır,

Şam əgər yanmırsa, yaşamır demək,

Onun da həyatı yanmağındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir