Rusiya təmsilçilərindən Azərbaycana qarşı TƏXRİBAT

Son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə iddialar yayılıb. Belə əsassız iddialar beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən ortaya atılıb.

Bu gün Dövlət Təhlükəsizlik Xidməti məlumat yayaraq, iddiaların tamamilə yalan olduğunu bəyan edib. 

“Azərbaycanda belə elmi mərkəzlər heç vaxt fəaliyyət göstərməyib, ölkə əhalisinin və ya qonşu dövlətlərin vətəndaşlarının sağlamlığına zərər vura biləcək hər hansı tədqiqatlar aparılmayıb. Bu qəbildən olan məlumatların Azərbaycan tərəfinin mövqeyi öyrənilmədən beynəlxalq tədbirlərdə, o cümlədən BMT kimi mötəbər təşkilatda bəyan edilməsi təəssüf doğurur. Eyni zamanda, tərəfdaşlıq münasibətlərindən çıxış edərək, müqabil tərəfdən qaldırılan məsələ ilə bağlı konkret faktlar təqdim edildiyi halda onların araşdırılmasına hazır olduğumuzu bildiririk” – DTX-nın yaydığı məlumatda qeyd olunub.

Belə gülünc fikirləri yaymaqda məqsəd nədir?

“Kobramedia.az” yazır ki,bununla bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin deputatı Aydın Mirzəzadə bildirib ki, bəzi dairələr Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməyə çalışır. Belə xoşagəlməz iddiaların səsləndirilməsi də məhz bu məqsədə xidmət edir:

“Ona görə də, bu cür yalan məlumatlar yayırlar. Rusiya və Azərbaycan arasında müttəfiqlik haqqında müqavilə imzalanıb. Əgər müəyyən dairələrdə belə bir şübhə yaranmışdısa, Azərbaycan tərəfinə rəsmi müraciət edib, məlumatı araşdıra bilərdilər. Göründüyü kimi, onlar şaiyə yaymağa üstünlük verdilər. Azərbaycan tərəfi rəsmi şəkildə məsələyə münasibət bildirdi. Bununla da Azərbaycan öz mövqeyini ortaya qoydu”.

A.Mirzəzadə onu da qeyd edib ki, Azərbaycanda bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin yaradılması heç vaxt gündəmdə olmayıb:

“Azərbaycan hər zaman beynəlxalq hüquq normalarına məsuliyyətlə yanaşır. Bunu Rusiyanın həmin dairələrindən də gözləyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir