RÖYA ƏLİYEVA: “SKRİPKA MƏNİM HƏYATIMIN MƏNASIDIR”

       

     Dünyaşöhrətli musiqi karifeylərinin bəstələdikləri simfonik əsərləri dinləyərkən  skripkanın yaratdığı möcüzələri hiss etməmək mümkün deyil. Xüsusilə skripka üçün yazılan irili-xırdalı əsərlər də  çoxdur. Dahi bəstəkarlar Çaykovski, Şopen, Betxoven,Şiller və başqaları   neçə onilliklərdir ki, dinləyici ruhuna rəng qatan  həzin  melodiyalarını, simfonik əsərlərini yaradarkən  məhz bu musiqi alətinin – skripkanın  misilsiz imkanlarındandan  məharətlə bəhrələniblər. İlk ifaçıları özləri olan  bu bənzərsiz sənətkarlar  ərsəyə gətirdikləri  mahnıların   ruhuna  köklənməklə     gah  coşqunluq hissləri yaşayaraq,   qanad açıb zirvələrdə qıy vuran qartala çevriliblər, gah da ruha rəng qatan bu xoş  hisslər  süstlüklə əvəzlənib, onları dərin  xəyallar aləminə   qərq olmağa məcbur edib. Bəli,belə olanda onlarda   yaratdıqları sənət  əsərlərinin insanların qəlblərinə hakim kəsiləcəyinə  zərrəcə  şübhə yeri qalmır.Əslində  əbədilik  statusu qazanan əsərlər elə bu cür də yaradılmalı,yüzilliklər ötsə də zamanın, dövrün ruhuna  uyğun olaraq  müasirlik statuslarını qorumalıdır.Ümumiyyətlə skripka üçün yazılan klassiq musiqi nümunələrinin dünya musiqi  boxçasında xüsusi yeri var.Bu musiqi alətində xarüqələr yaradaraq tamaşaçı, dinləci qəlbinə hakim kəsilən ifaçılar və ifalar da az olmayıb və elə bu gün də musiqi məktəblərimizdə  erkən yaşlarından  bu musiqi alətində ifaçılıq sənətinə yiyələnmək arzusunda olduğunu israrla bildirənlər var. Belə  yeniyetmələrdən  birini  də biz bu yazıda oxucularımıza təqdim etməyi qərara aldıq. Bu yeniyetmə bir çox musiqi alətlərində ifa etməyi bacarsa da, idmana və başqa yaradıcılıq  dərnəklərinə  meylli olsa da    həyatını  bircə  an da skripkasız təsvir edə bilmir, ancaq bu musiqi aləti ilə nəfəs alır, necə deyərlər onunla yatıb, onunla durur. Bütün varlığı ilə bu qədim müsiqi alətinə vurğun olan bu yeniyetmə beynəlxalq müsabiqələr qalibi olan Pöya Əliyevadır.

RÖYA 2-Cİ SİNİFDƏN GİMNAZİYADA KAMERA  ORKESTRİNİN  BİRİNCİ SKRİPKA İFAÇISIDIR

     … O.  2005-ci ildə  Bakı şəhərində anadan olub. 2011-ci ildə  qabiliyyət və məntiq üzrə keçirilən imtahandan uğurla keçərək Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının 1-ci sinfinə qəbul olunub. 2010-cu ildən Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının  Respublika Şahmat-Dama Klubunda şahmat üzrə təhsil alıb. Hələ 1-ci sinfə gedəndə o, şahmat yarışında 3-cü yeri tutaraq V dərəcə normasını doldurub.  Röya Əliyeva 5 yaşından skripka ilə  də fərdi qaydada məşğul olub. İstedadlı yeniyetmə  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin hər il təşkil etdiyi şahmat üzrə Bakı Şəhər birinciliklərinin və müxtəlif səpkili şahmat yarışlarının iştirakçısı olub. O, 2012-ci il tarixdə IV dərəcə, 2013-cü ildə III dərəcə, 2015-ci ildə II dərəcə normalarını yerinə yetirib. 2018-ci ildə isə I dərəcə normalarını yerinə yetirərək ”1-ci dərəcəli şahmatçı” diplomu qazanıb. Röya Əliyeva  2012-ci  gimnaziyada keçirilən “Bilik” müsabiqəsində III yerə,  2013-cü ildə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunan  “Şeir müsabiqəsində” I yerə, 2012-ci ildə “Dünya Azərbaycanlılarının həmrəyliyi” mövzusuna həsr olunan   ədəbi-bədii kompazisiya təqdimatında  I yerə,  eləcə də 2014-cü ildə gimnaziyada  keçirilən “Bilik”  yarışında I yerə, həmçinin həmin il   Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan “Şeir müsabiqəsində 1-ci yerə layiq görülüb. Röya  ibtidai sinfi uğurla bitirdiyinə görə hər il  gimnaziya rəhbərliyi tərəfindən tərifnamə və diplomlara layiq görülüb. 2-ci sinifdən gimnaziyanın Kamera Orkestrinin birinci skripka ifaçısıdır.

   HƏRTƏRƏFLİ İSTADAD SAHİBİ OLDUĞU GÖZ ÖNÜNDƏ İDİ

    …Gimnaziyanın keçirdiyi müxtəlif konsertlərdə o, piano və skripka alətlərində ifa edib.Röya həm də  vokal və xor qrupunun üzvüdür. 2019-cu ildə  Gənclər İttifaqı tərəfindən keçirilən “Arts Olimpia” beynəlxalq musiqi müsabiqəsində skripka üzrə solo və ansambla 2-ci və 3-cü yerləri qazanıb. 2020 -ci ildə Rusiyada keçirilən Международный Конкурс Искусств «Южная Рапсодия» beynəlxalq müsabiqəsində vokal ansamblı ilə Qran pri mükafatına layiq görülüb. Eyni ildə  Təhsil Nazirliyi tərəfindən keçirilən “Üç alov” beynəlxalq müsabiqəsində gimnaziyanın vokal qrupu ilə Qran pri mükafatına layiq görülüb. Röya Əliyeva 2020-ci ildə “School-Studio of Baku Music Academy -40” adı altında professor Tərlan Seyidov tərəfindən təşkil edilən Akademik Xalq və Caz Musiqisi ifaçılarının ilk beynəlxalq müsabiqəsində vokal ansamblı ilə 3-cü yeri tutaraq laureat adını  qazanıb. 2020-ci ildə Rusiyada keçirilən “Art Planet” beynəlxalq incəsənət müsabiqəsində Röya Gimnaziyanın vokal ansamblı ilə 1-ci yerə layiq görülüb. Yeniyetmə istaedad sahibi  beynəlxalq müsabiqələrlə bərabər  Xorvatiyanın, Norveçin və bir sıra xarici dövlətlərin Azərbaycanda  fəaliyyət göstərən  səfirliklərində keçirilən tədbirlərdə  dəfələrlə vokal qrupu ilə  iştirak edib.

UĞURLAR DAVAMLI ŞƏKİLDƏ BİR-BİRİNİ ƏVƏZ EDİRDİ

Haqqında ürək dolusu söhbət açdığım,  fövqəl yaradıcılıq keyfiyyətlərinə sözün tam mənasında vurğun olduğum Röya Əliyeva skripka üzrə onlayn keçirilən bir sıra beynəlxalq musiqi müsabiqələrinin  də iştirakçısı və qalibi olub. O, 2021-ci ildə Türkiyədə keçirilən “Melody” beynəlxalq musiqi müsabiqəsində skripka üzrə E.Lalo “İspanskaya simfoniya” əsəri ilə 2-ci yerə, Amerikada keçirilən “American edition” beynəlxalq musiqi müsabiqəsində 1-ci yerə, Böyük Britaniyada keçirilən “Music box” müsabiqəsində E.Qranados “İspanskiy taneç” əsəri ilə 1-ci yerə, Fransada keçirilən “Melodies De Paris 2021” müsabiqəsində 1-ci yerə, İspaniyada keçirilən “World Art Games” müsabiqəsində 1-ci yerə, Finlandiyada keçirilən “Nordic Fest 2021” müsabiqəsində E.Lalo “İspanskaya simfoniya” əsəri ilə 1-ci yerə və İtaliyada keçirilən “Prometheus” beynəlxalq musiqi müsabiqəsində 1-ci yerə layiq görülüb.

    RÖYA  NİTQ MÜSABİQƏSİNDƏ BÖYÜK UĞUR QAZANDI

Gimnaziyanın ictimai tədbirlərində  daim fəallıq nümayiş etdirən    istedadlı qız  nitq müsabiqələrində də bir çox nailiyyətlər əldə edib.  Onun  2020-ci ildə 29 oktyabr tarixində Türkiyədə Cümhuriyyət Günü münasibətilə səsləndirdiyi təbrik nitqi və  Çukuroba Universiteti Nəzdində Dövlət Konservatoriyasının orta məktəb xoru ilə birgə təqdim itdiyi ifa Türkiyə mətbuatında geniş işıqlandırılıb.

  Röya 2020-ci ildə 28 may Respublika gününə həsr olunan  15-17 yaş qrupu üzrə onlayn şeir müsabiqəsində iştirakına görə gimnaziya tərəfindən xüsusi diplomla təltif edilib. Həmin il Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” beynəlxalq yaradıcılıq müsabiqəsində nitq nominasiyası üzrə isə 3-cü yerə layiq görülüb. 2021-ci il 23 aprel tarixində  Türkiyədə keçirilən “Milli suverenlik və Uşaq günü” ilə əlaqədar bir sıra ölkələrin qatıldığı təbrik videoçarxında etdiyi çıxışa və vokal qrupu ilə ifasına görə  isə  xüsusi diplomla  mükafatlandırılıb.

    RÖYANIN ÇIXIŞI TEZİS1-TOPLUDA  NƏŞR OLUNUB

   …6 may 2021-ci il tarixdə Azərbaycan Dillər Universitetinin təşkilatçılığı ilə keçirilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə  həsr olunan “Heydər Əliyev və şanlı Azərbaycan” adlı Respublika tələbə-şagird elmi konfransında  Röya Əliyeva “Ənənəvi və onlayn tədrisin aktual problemləri” mövzusu ilə çıxış edib və həmin çıxış  tezis- topluda nəşr olunub. 2021-ci ildə orta məktəbi bitirən istedadlı şagird  son zəng tədbirinin aparıcısı olduğu  və eyni zamanda il ərzində çoxlu sayda respublika və beynəlxalq müsabiqələr laureatı olduğu üçün gimnaziya rəhbərlyi tərəfindən diplomla təltif edilib. Həmin il  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkiltçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda fəal iştirakına görə Röya sertifikatla da  təltif olunub. Öyrənirik ki, gənc ifaçı skripkadan əlavə piano  və gitarada da məharətlə ifa etməyi  bacarır.

    SKRİPKA   MƏNİM   HƏYATIMIN MƏNASIDIR

   …Bu sözləri  yeniyetmə musiqiçinin dilindən eşitmək olduqca xoş idi. Önunla söhbət zamanı mən  sanki yetkin bir musiqiçi ilə həmsöhbət olduğumu zənn etdim.Özünə arşı tələbkar olan bu çalışqan qız gələcəkdə adının böyük sənətkarlar cərgəsində çəkiləcəyinə əmindir.Əslində bugünədək qazandığı uğurlar da əzmkar musiqiçinin arzularının gerçəkləşə biləcəyinə ümid yaradır. Görünən və duyulan odur ki, Röya skripkanı doğrudan da öz həyatının mənası sayır. Onun kiçik dünyasında Azərbaycan klassik musiqisi ilə modern dünya musiqisi vəhdət təşkil edir. Bu yolla  o, musiqini duyanlara və  öz  gələcək dinləyicilərinə  onun  fəlsəfəsini aşılamaq istəyir. İnanırıq ki, fövqəl istadad sahibi olaraq o, gələcəkdə   skripkanın  yaratdığı möcüzələrlə, özünün saf və şəffaf duyğuları ilə  dinləyicilərin qulağına, ürəyinə  asanlıqla yol tapacaq. Dinləyicilərinin qəlbinə gedən yol isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının skripka ixtisası üzrə təhsil almasından keçəcək. Növbəti təhsil mərhələlərini isə beynəlxalq musiqi akademiyalarından birində davam etdirmək istəyən Röyanın ən böyük arzusu dünyanın harasında olmasından asılı olmayaraq öz musiqisi ilə xalqını, millətini, dövlətini təmsil etsin. Röya təbiətdə olan səslərin harmoniyasından irəli gələn, eyni zamanda insanların qəlbini fəth edə biləcək səsləri  yaddaşına yazmaq  və insanlarla paylaşmaq istəyir. Bu cür möhtəşəm  arzularla döyünən ürəyi  və parlayan istedadı Röyanı  qəlblərin fatehi  edəcəyinə şübhə yeri qalmır.  Fateh olmaq üçünsə  istedadlı sənətçi  öz zəngin dünyasını Tanrı məhəbbəti ilə zənginləşdirəcəyinə əmindir.

Sifai Səfərova,

“Azərbaycan müəllimi”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir