Professional yaltaqlıq nümunəsi

Akif Cabbarlı


Yaşıltəpə Ərazi İdarəsinin bütün əməkdaşları hər səhər adəti üzrə rəis Barxudar İmanquliyevi binanın giriş qapısında qarşılayır, hal-əhval tutur, sonra da sıravi əsgərlər komandiri necə müşayiət edib kazarmaya ötürürlərsə, bax o cür kabinetinə kimi mətin addımlarla yola salırlar. Rəis də özündən razı halda köməkçisinin taybatay açdığı qapıdan şeşələnə-şeşələnə içəri keçib boyundan xeyli hündür kreslosuna yayxanır.


Günlərin birində yenə iş başlayar-başlamaz binanın arxa girişində rəisi qarşılayanlardan biri – yəni ki, lap birincisi, birinci müavin rəhbərin salamını cavablandırmadı. Bu da ki, təbii olaraq rəisin diqqətindən yayınmadı. O, hirsli-hikkəli baxışlarla müavinini süzüb acıqlı halda soruşdu:


-Nə olub, Qulam müəllim, salamımı niyə almırsan? Bəlkə qulağına ayrı söhbət-zad çatıb? Yadında saxla ki, mən bu rayondan gedəsi olsam, mənim əmrimdən azı bir saat qabaq səninki oxunacaq. Tak çto, işini bil…


Birinci müavin olduqca küskün halda dilləndi:


-Cənab rəis, incimişəm sizdən. Ürəyinizə də başqa şey gəlməsin.


-Nə olub ki, nə pisliyim keçib sənə? Ümumiyyətlə, bax bu işçilərin hansına kəm baxmışam, çörəyini kəsmişəm? Deyin də, mən də bilim. Mən bu rayona gələndən adam kimi gün görürsünüz, yağ-bal içində yaşayırsınız.


-Yox ee, cənab rəis, vallah, özüm də utanıram səbəbini deməyə.


-Yenə də olsun, hər halda salamımı almamağının səbəbini bilməliyəm axı.


-Cənab rəis, düzünü desəm, sizdən ona görə incimişəm ki…


Birinci müavin yenə fikrini axıra çatdırmadı. Ərazi İdarəsinin əməkdaşları hamılıqla bu dialoqun hansı sonluqla bitəcəyini səbirsizliklə gözləyirdi. Rəis də maraqla müavininin nə cür izahat verəcəyinin intizarındaydı.


Nəhayət, Qulam müəllim boğazını arıtlayıb yazıq bir görkəm alaraq bu cür söylədi:


-Cənab rəis, neçə gündür fikir verirəm, Allah gözümü töksün yalan deyirəmsə, nədənsə gözümə yaman sınıx görünürsünüz ey. Nə isə səbəbini soruşmağa da cürət eləmirəm, heç özünüzə baxmırsınız ey… Bax, Sizdən inciməyimin də səbəbi bununla bağlıdır. Elə eləməyin də, noolar… Axı, biz hamımız Sizinlə nəfəs alırıq.


Ədəbiyyata düşəsi kələk


Adamların bir-birinə kələk gəlməyini, yeri gələndə hansısa işin xatirinə aldatmağını çox görmüşük. Bəzən heç nədən tələyə düşən vaxtlarımız da olub. Amma pirə, ocağa kələk gələn, azdıranlara da rast gəlirik. Elə N kəndinin duzlu-məzəli, zarafatcıl sakinlərini – Səfər kişi ilə Musa dayını götürək.


İndi sizə danışacağım əhvalat çoxdan, sovet dönəmində baş verib. O uzaq illərdə Ağdaş ticarətdə, indiki dillə desək, biznes məsələlərində öndə gedən rayonlardan olub. Ətraf rayonların camaatı, elə bizim Qəbələnin sakinləri də hər həftəsonu Ağdaşın mərkəzi kolxoz bazarına və Türyançayın sahilində meydan sulayan mal-qara bazarına tələsər, kənddən gətirdikləri mer-meyvəni, qoyun-quzunu, inəyi satar, sonra da zənbillərini evə, ailəyə gərəkli ərzaqla, pay-parça ilə doldurub geri dönərdilər.


Günlərin birində yazının əvvəlində adlarını çəkdiyim kişilər neçə vaxtdan bəri bəslədikləri cöngələri Qaz-51 markalı yük maşınına mindirib yollanırlar qonşu rayonun mal meydanına. Sürücünün də şahidliyi ilə öz aralarında vədələşirlər ki, işləri yaxşı getsə, heyvanlara babat pul versələr, yollarının üstündəki Mirusuf ağanın ocağına adama bir onluq qoyacaqlar. Nə isə. Cöngələri elə bil bazarda səbirsizliklə gözləyirmişlər. Müştərilər dərhal heyvanların başlarına kəndir keçirib dostların ürəyindən keçəndən də artıq məbləğ ödəyirlər. Qaz-51-in sürücüsü qayıdıb deyir ki, Mirusuf babanın gücünə, zoruna daha heç bir sözüm yoxdur. Səfər və Musadan isə səs çıxmır. Sadəcə razılıqla başlarını yelləyir, sonra bir kənara çəkilib nəyi isə qısaca müzakirə edirlər.


Evə alınası şeyləri də kuzovda yerləşdirib geri dönürlər. Pirin lap qənşərində maşını saxlayan Əli kişi sərnişinləri dəhmərləyir:


-Hə, düşün, nəzirinizi verin, yolumuza davam eləyək.


Lap tarixə… Yox-yox, ədəbiyyata düşəsi kələk nümunəsidir ha…


Dostlar kabinadan düşüb pirin həyətinə keçirlər. Mərmərdən olan sinədaşının üstündəki ağır güldanı ehmalca qaldırırlar. Adətən yetim-yesir, əlsiz-ayaqsız adamlar üçün qoyulan pulların üstünə növbə ilə adama bir 10-luq atırlar. Sonra da Səfər Musanın, Musa da Səfərin qoyduğu pulu götürüb dərhal piri tərk edirlər. Deməli, həm borclarından çıxır, həm də ehtiyacı olan birisi kimi pirə verilən nəzir-niyazdan bəhrələnirlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir