ONDA XALQIN GÜCÜ VARDIR,XALQIN GÜCÜ BASILMAZDIR!

Mətbuat böyük qüvvədir. Bu faktoru qəbul etməmək yümşaq formada desək sadəlöhvlükdür. Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə mətbu orqanlar öz missiyalarını bacardıqları qədər yerinə yetirməyə çalışırdılar.Həmin vaxtlarda da mətbuatın üzərində Əli Həsənov qılıncı var idi, ancaq nəzərə alsaq ki, Heydər Əliyevin demokratik düşüncə tərzi onu qılıncını meydanda çox oynatmamağa məcbur edirdi. Yəni,arabir də olsa dövlət qəzetlərində, iqtidaryönlü mətbu orqanlarda, hətta sahə qəzetlərində belə ciddi tənqidi yazılar işıq üzü görürdü.Bu, ona görə olduqca vacib idi ki, dövlət rəhbəri əyinti olan sahələr barədə dərhal, vaxtında məlumatlı olurdu, necə deyərlər, diaqnozu vaxtında düzgün qoyulan “xəstəlik” də vaxtında “sağalırdı.” Bu gün mətbuatda anormal bir mühit formalaşdırılıb. Demək, iqtidaryönlü mətbu orqanları oxuyanlar özlərini cənnətin ortasında hiss edirlər, müxalifət mətbuatını ələ alanlar isə cəhənnəmin.Ümumiyyətlə illərdir tənqidi məqalə dərc edən qəzetə, yaxud sayta müxalifətçi damğası vurulur. Niyə?Niyə görə haqqı-ədaləti söyləmək yasaq sayılmalıdır?! Niyə görə düzü danışmaq xoşa gəlməməlidir?!O qədər eyiblərimizi gizlətdik, sonda həmin eyiblər o qədər şişdi ki, indi xərçəng xəstəliyi kimi bütün məmur eşalonunu bürüyüb. Dəhşətli hal deyilmi, dünən orden, yaxud medal alan bir məmurun bu gün həbsə atılması?! Bilirsinizmi bunun günahı kimdədir?-Ancaq və ancaq mətbuatda və onun gözünü kor edən, dilini lal edən kuratorda. Gözəl jurnalistlərimiz var; iqtisadiyyat, siyasət, hüquq, mədəniyyət, təhsil, səhiyyə sahələrini idarə edənlərdən səviyyəcə aşağı olmayan, əksinə kifayət qədər yuxarı olan qələm sahiblərimiz yerində olmayan kadrların işlərində yol verdikləri nöqsanları vaxtında aşkarlasaydılar həmin məmurlar olduqları kimi cəmiyyətə də, dövlət rəhbərinə də təqdim olunardı və bugünkü biabırçılıqlar da olmazdı. Mənim Əli Həsənovla bölünəsi nə şəxsi biznesim var, nə də ki bir siyasi meydanda rəqabətim.Bu insana həmişə hörmətlə yanaşmışam, o, buna zərrəcə layiq olmasa da. Bu günədək mənim işsiz qalmağımın səbəbkarı da elə o olub. Əli Həsənov sərbəst düşüncəyə malik olan savadlı qələm sahiblərini heç vaxt həzm etməyib, əksinə itaətə meylli savadsız, ancaq sadəcə icraçı robot kütləsini özünə kölə etməyə çalışıb və buna kifayət qədər də nail olub. Onun iqtidaryönümlü mətbu orqanlara , televiziya kanallarına təyin etdiyi, yaxud etdirdiyi şəxsləri tanımaq kifayət edir hansı amala xidmət etdiyini təyin etmək üçün. Özü güclü korrupsioner olan bir şəxsin kurasiyasında fəaliyyət göstərən qəzetlər və saytlar ölkədə baş alıb gedən neqativ proseslərdən necə yaza bilərdi?! Mətbuat Şurası da görüntü üçün yaradılan bir ictimai qurum oldu.Gözəl jurnalist, dəyərli dostum Əflatun Amaşova sərbəst fəaliyyət göstərmək, mətbuatda ağı qaradan ayırmaq üçün meydan verilmədi və əksinə ondan mətbuatı kalpak altında saxlamaq tələb olundu.Hümanizm prinsipləri ilə formalaşan Şura sədri ona verilən qeyri-rəsmi tapşırıqları yerinə yetirmək məcburiyyətində qalaraq qismən də olsa həmkarları ilə üz-göz olmağa məcbur olurdu. Mən Möhtərəm Cənab Prezident İlham Əliyevə bütün varlığımla minnətdaram gec də olsa Əli Həsənovu köməkçiləkdən azad etdiyi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsini blokadadan, əsarətdən, işgəncədən, buxovdan azad etdiyi üçün. Şükür ki, Tanrının hökmü ilə KİVDF də ağır buxovdan qortuldu və bu quruma da layiqli icraçı direktor təyin olundu.Heç zaman gec deyil,- deyib atalar.Ümidlərimizin doğrulduğu bir zamanda bu qələbə biz jurnalistləri da meydangir olmağa, haqq işi uğrunda meydanda Möhtərəm cənab Prezident İlham Əliyevə arxa, dayaq, etibarlı əsgər olmağa, qələmimizlə, savadımızla, əqidəmizlə onun dövlətçilik prinsiplərinin sona qədər təntənəsini təmin etməyə ruhlandırır. Biz buna nail olacağıq!Biz dövlətimizə, xalqımıza,Lider Prezidentimizə sədaqətlə xidmət edəcəyik! ONDA XALQIN GÜCÜ VARDIR,XALQIN GÜCÜ BASILMAZDIR!2 paylaşımPaylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir