Məzun – 43. Həmin gün çin oldu yuxularımız

Müəllim də anadan müəllim doğulmayıb,

Müəllimin özü də müəllimsiz olmayıb.

Deyirəm, kaş təzədən bir məktəbli olaydım,

Barmaqları ömürlük mürəkkəbli olaydım.

                                                     Süleyman  Rüstəm

  Həyatda elə xatirələr var ki, illər keçsə də xatirələrdən ayrıla bilmirsən. O xatirələr içində yaşadığımız günlər – uşaqlıq… gənclik illəri… və müharibə…  Torpaqlarımızın işğal edilməsi, insanlarımızın bir-birindən uzaq düşməsi…

Məktəbdə bizə təkcə oxumaq yox, həm də bizə yaşamağı, yaratmağı, vətəni sevməyi  də öyrədirdilər. Məktəb xatirələrimizdən biri ilk dəfə əlimizə çanta alıb birinci sinfə getdiyimiz gün və sonra orta məktəb illəri, son zəngdir.

2022-c i il mayın 21-də keçmiş məzunlar son zəngdə olduğu kimi hamımız bir yerə toplaşdıq.  Bu tarix həyatımızda ən gözəl  illərdən birinə çevrildi. 43 il keçməsinə baxmayaraq  öz tələbəlik illərini sevinclə, qürur hissi ilə xatırladıq. Keçmiş xatirələrini kövrək uşaqlıq illərindən danışdılar və dünyasını dəyişmiş sinif yoldaşılarını və müəllimlərini yad etdilər. Saçı-saqqalı ağarmış, artıq nənə-baba adını daşıyan köhnə məzunlar sevinclə bir-birinin əlini sıxır, doğmalar kimi qucaqlaşır, kövrəlirdilər.

Ağdam 6 nömrəli tam orta məktəbin – 1979-ci ilin buraxılış məzunları,  X “a” sinif şagirdləri  o günləri belə xatırlayırdılar:

    Səhərlər məktəbin həyətində sıra ilə durardıq, əlamətdar günlərdən biridirsə dik dayanar, Azərbaycan marşı sədaları altında sinfə daxil olardıq. Müəllimlərlə zarafat edilməz, sinif iclasları keçirilərdi, məktəbdə ədəb-ərkan gözlənilərdi.

 Məktəbli  forması ilə biz məktəbə gedər, evə gələnə qədər forma əynimizdən çıxmazdı.  Köynəklər yupkanın  içinə salınardı, bir rəngdə geyinərdik. Zinət əşyaları taxılmazdı, dırnaq tutular, dıqnaqlara lak vurulmazdı. Qızlar ağ önlük taxar və saçına ağ bant bağlayardı. O vaxtlar cib telefonu, internet yox idi, amma yenə də şagirdlər bir-birləri ilə xəbər tutardılar. Biologiya, fizika, kimya dərsləri, mövzular laboratoriyada izah edilər, məktəb kitabları üzərində sevilən yazıçı və şairlərin, eləcə də dərs vəsaitləri müəlliflərinin dərslikləri sevilərək oxunardı. Dərs ili başa çatandan sonra  mütləq rüblüklər bağlanar, ilin sonunda isə kitablar yığılaraq məktəb kitabaxanasına təhvil verilərdi.  Boş dərslərdə sinifdən çölə çıxmaz, dərs saatlarında məktəbdə olardıq və yaxud başqa dərslə əvəz edilərdi.  Evə gəldikdə valideynin ixtiyarına keçirdik.Dərslərimizi hazırlayandan, şam yeməyimizi yeyəndən sonra  valideynlər bizə  yat deyər, səhərsə eyni qayda ilə  tezdən dərsə yollanardıq. Məktəbə aid olmayan heç əşya çantada olmazdı. Biri ilə sözləşdikdə müəllimə şikayət edər, heç bir valideyn davaya qatılmazdı. Şikayət olundusa mütləq müəllim və direktor tərəfindən həll olunardı. Biz şagird kimi şagird idik, nizam-intizama əməl edirdik, böyük-kiçik yerini bilirdik…

    Tədbirdə sinif nümayəndəsi Məxmər Quliyeva 43 il ərzində dünyasını dəyişən, xarici ölkələrdə  yaşayan, üzürlü səbəbdən görüşə gələ bilməyən, ürəkləri bizimlə döyünən dostlarımız haqqında xoş sözlər danışdı. 

    Məzunlarımızdan biri iş adamı kimi tanığımız məktəbimizin sevimlisi, məktəbin ictimai işlərində fəal olan dərs əlaçısı Dəmir Abdullayev çıxışında  vurğuladı ki,  Ağdam  şəhərini ancaq xəyallarımda, yuxularımda görürdüm. Axır ki, yuxularım çin oldu. 44 günlük müharibədə Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun apardığı haqq-ədalət savaşı, işğal altında olan torpaqlarımızın əzəli və əbədi sahiblərinə geri qaytarıldı. Bildirdi ki, müharibədə qələbəmiz, zəfərimiz bizə o qədər qürur verdi ki, daha kiminsə gözlərinə baxanda utanmıram.  Əminliklə deyirəm ki, Ağdamda viranə qalmış torpaqlarımız, eləcə də park və xiyabanlar, binalar, məktəblərimiz yenidən inşa ediləcək və tezliklə hamımız bu torpağa qayıdacağıq, məktəblərdə yeni nəsilin uşaqlarının gülüşü də həmin məktəbləri bəzəyəcək.

  Kövrək anlar, xatirələr hər birimizi keçmişə aparırdı. Hər kəs yadında qalan xatirələrdən söz açırdı. Azərbaycanda qonaq olan  ABŞ-ın Delaver ştatında yaşayan sinifimizin məzunu, “The Great House” adlı memarlıq, inşaat və dizayn şirkətinin təsisçisi və rəhbəri Yavər Rzayev öz fəaliyyəti haqqında sinif yoldaşlarına məlumat verdi və bildirdi ki  adımın belə uca  zirvəyə qalxmağının əsas səbəbi 1980- ci ildə  Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə xaricdə təhsil alan sovet tələbələri arasına düşməsi olub.  6 il Meksikada, 2001-ci ildən isə ABŞ-da yaşayıram. Ölkə mədəniyyəti, incəsənəti və tarixinin təbliği istiqamətində mühüm işlər gördüm və əsərlərimdə maraqlı ifadə vasitələrindən istifadə edərək Azərbaycanın, o cümlədən də ölkəmizin dilbər guşələrindən biri olan Ağdamın gəzməli-görməli yerlərini öz fırçamla əks etdirməyə çalışdım. Yaradıcılığımda “Qarabağ” mövzusunda  2010-cu ildə ABŞ-da “Könlüm keçir Qarabağdan” adlanan sərgimi açdım.Dünyanın hər yerini gəzdim  lakin “Planetdə gedə bilmədiyim yer yalnız Ağdam idi”. Şükürlər olsun ki, vətənimizə, torpağımıza qovuşduq. Bütün dünya 44 günlük müharibəni izləyirdi. Mən gecə səhərə kimi yatmırdım. Ölkəmizdə gedən müharibəni izləyirdim. Amerikada eşidəndə ki, torpaqlarımız erməni qəsbkarlarından bir-bir geri alınır, o cümlədən də Ağdam azad olundu,  uşaq kimi atılıb-düşürdüm. Torpaq həsrətilə həyatdan köçən valideynlərim,  1-ci Qarabağ savaşında şəhid olan qardaşım Müşfiq gözümün önünə gəldi. Dedim kaş onlar da bu günü görəydilər. Mən Ağdam şəhər 6 nömrəli məktəbin keçmiş məzunları adından Ali Baş komandan, cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm.

Şəhla Ağayeva   ingilis dili müəlllimi:

– Mən Ağdamın Evoğlu kəndinə gəlin köçmüşdüm. İş yerim də Ağcəbədinin Şərəfxanlı kəndində olduğu üçün tez-tez  Evoğluya qaynatamgilə gəlirdim. Ordan  baxanda uzaqdan Ağdam görsənirdi. Daş üstündə daş qalmamışdı. Erməni vəhşiləri hər şeyi məhv etmişdi. Dayanırdım saatlarla Ağdama baxırdım. Məni kədər hissi bürüyürdü, havam çatmırdı. İnanırdım ki, bir zaman gələcək qaçqın düşən körpələr böyüyəcək, ermənilərdən qisaslarını alacaq, ata-baba yurduna – doğulduğumuz  yerə qayıdacağıq. Həmişə arzum bu idi ki, oxuduğum 6 nömrəli məktəbdə ingilis dilini tədris edim.

Məştağa qəsəbəsində uşaq həkimi işləyən Kəmalə Əkbərova:

– Sevincimin həddi-hüdudu yoxdur. Biləndə ki, yenidən görüşəcəyik səhərə kimi yatmadım. Elə bildim əlimə çanta alıb məktəbə gedəcəm. Evdə uşaqlarım da sevinirdi. Sinif yoldaşlarımı görəndə özümü Ağdamda hiss etdim. Eyni üz, eyni simalar. Hamının gözləri, baxışları uşaqlığımızı xatırladır.

Görüşdə iş adamı  Azər, Cabir, Nəbi, Kərəm, Elxan, Kamil, Fəxrəddin, İlham,  Minayə, Aybəniz, İradə, Tərlan, Lətafət, Lətifə,  şəhid ailəsi Saidə xanım, kitabxanaçı Ədibə, Aygün, Nuridə və “Azərbaycan müəllimi” qəzetində çalışan Zöhrə Məmmədova  43 il keçməsinə baxmayaraq  kövrək uşaqlıq illərindən danışdılar və dünyasını dəyişmiş sinif yoldaşılarımızıı və müəllimlərimizi yad etdilər.

 Hər biri bu görüşdən məmnun qaldıqlarını bildirdilər.

Sonra məşhur “Məktəb illəri” mahnısının sədaları altında  düzülərək xatirə şəkli çəkdirdik.

Görüş unudulmayan xatirələr, məzəli əhvalatlarla dolu çay süfrəsi arxasında davam etdi.

Zöhrə Məmmədova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir