MƏN SÖZ ƏSGƏRİYƏM,SƏNSƏ KOMANDAN

(Əziz dostum Əflatun Amaşova Ad Günü münasibətilə bir xoş zarafat hədiyyəsi)

Əliboş gəlmişdim kabinetinə,
Ürəyim doluydu, əlim boş idi.
Sənin Ad Gününü təbrik etməyə
Bir qələm alsaydım, o da xoş idi.

Hördüm bal sözlərdən təbrik çələngi,
Alqışlar yağdırdım ünvanına mən.
Sənin Ad Günündə əliboş idim,
Utandım gələndə lap yanına mən.

Görüşdük, ayrıldıq biz qardaş kimi,
Sıxdım əllərini, öpdüm üzündən.
Elə bil təzəcə doğulmuş idin,
Təravət yağırdı xoş bənizindən.

Mahir bir zərgərsən söz meydanında,
Dəyəri ölçülür hər kəlməmizin.
Mən söz əsgəriyəm, sənsə komandan,
Yazar Ordusuyuq biz ölkəmizin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir