Humanitar Kollecdə məzun günü keçirilib

…Bu günü birmənalı qarşılamaq mümkünsüzdür.Təhsil ocağı ilə  son vida günündə  həssas qəlbli tələbələr sevinməklə bərabər kövrək anlar da yaşamalı olublar. İllərlə bir yerdə olduqları dostları, qrup yoldaşları ilə sonuncu dəfə kollektiv şəkildə bir yerdə olmaq, şənlənmək, sonra isə   bir-birlərinə sarılıb  ayrılmaq   təəsirli hallar yaşadıb onlara. Ancaq nə etmək olar?! Bir vaxtlar  orta məktəbi bitirəndə də eyni psixoloji məqamlar yaşamalı olmuşdular onlar. Və təhsillərini  müxtəlif ali məktəblərdə davam etdirməyə qadir olanlar gələcəkdə  yenidən  eyni hisslərə köklənməli olacaqlar. Bu, al-əlvan  rənglərin ahəngi ilə ömürləri bəzəyən və arzuların qanadında  onları  xöşbəxt gələcəyə pərvazlandıran müqəddəs bir həyat  yoludur,  müxtəlif ünvanlarda  nura çevrilən işıqlı  bir yol.

 … Bir neçə gün öncə Bakıdakı Humanitar Kollecdə Məzun Gününü qeyd edən tələbələrin yolları da elə həmin gün haçalanacaq, eyni qrupda oxuyan dostlar, rəfiqələr gələcək arzuları ilə bağlı bir-birləri ilə dərdləşəcək,fikir mübadiləsi aparacaq, deyib-güləcək, şənlənəcəkdilər.

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecdə keçirilən “Məzun günü” ərazi bütövlüyümüz uğrunda həyatlarını qurban verən şəhidlərimizin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra kollecin direktoru Nərmin Qaralova  tədbiri açaraq  məktəbin məzunlarına  ürək sözlərini ifadə edib. Bir vaxt özü də tələbə olan, indi qəlbləri titrədən belə bir Günün həssas məqamlarını tələbələri ilə birgə yaşamaq məcburiyyətində qalan   direktor çıxışı boyu   özünü kövrəlməkdən sığortalaya bilməyib. Təhsil ocağı rəhbərinin olduqca məzmunlu  çıxışı tələbələrlə bərabər bütün iştirakçıları, xüsusilə  valideyinləri  təəsirləndirib.

   Çıxışlarda  vurğulanıb  ki, 84 illik tarixə malik olan kollecin keçmiş məzunları arasında  Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri yetişib. Bu gün həmin ənənə davam etməkdədir.Yeniyetmə və gənclər arasında istər musiqi, istərsə də incəsənətin başqa sahələrində  qazanılan uğurlar dövlətimizin və xalqımızın diqqətindən heç vaxt yayınmayıb. Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən  silsilə muğam müsabiqələri və başqa musiqi yarışmaları buna bariz nümunədir.

Tədbirdə çıxış edən ADMİUnun rektoru Ceyran Mahmudovanın ürək sözləri də  tələbələr tərəfindən həssaslıqla  qarşılanıb.Rektor da kollec məzunlarına bundan sonrakı  fəaliyyətlərində bol-bol uğurlar diləyib, onlara  gələcəkdə təhsillərini ali məktəbdə seçdikləri ixtisaslar üzrə davam etdirməyi arzulayıb.

  “Məzun Günü”ndə təhsildə fərqlənən tələbələrə təşəkkürnamələr və estrada sənəti  kafedrasının müdiri professor Məryəm Babayevaya ”Kollecin məzun günündə fəal iştirakına görə” təşəkkürnaməsi təqdim olunub. Bayram əhval-ruhiyyəsi ilə təşkil olunan tədbirin bədii hissəsində ADMİU-nun Musiqi sənəti fakültəsinin və Estrada sənəti fakültəsinin tələbələri maraqlı musiqi nömrələri  ilə çıxış ediblər.

Sifai SƏFƏROVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir