GƏNCLİK EHTİRASI HƏLƏ DƏ ONUN QƏLBİNƏ HAKİMDİR

GƏNCLİK EHTİRASI HƏLƏ DƏ ONUN QƏLBİNƏ HAKİMDİR (JURNALİST HƏMKARIM, QONŞUM VƏ DOSTUM FƏRMAN BAĞIROVUN 80 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ) Hər gün səhər saat 8.20 radələrində yaşadığımız mərtəbənin dəhlizində ayaq səsləri eşidirəm.Bu səslər hər səhər eyni vaxtda eşidilir.Bir az ötmüş lift açılır və bir neçə dəqiqədən sonra hündürmərtəbəli yaşayış binasının qarşısında sanki sahibləri ilə bərabər dünənki günün yorğunluğunu alan, sübh vaxtı isə onları iş yerlərinə çatdırmağa hazır olan müxtəlif markalı maşınların arasında öz təmizliyi,ceyran duruşu ilə seçilən qara rəngli mersedes markalı bir maşının da qapısı açılır. Yeyin addımlarla maşına tərəf gedən,onun hər tərəfini nəzərdən keçirən qonşum onunla eyni ünvana-“Azərbaycan” nəşriyyatının binasına tələsən həmkarlarını da mindirib həyətdən çıxır.Bu mənzərəni mən demək olar ki, hər gün müşahidə edirəm. İşdən qayıdandasa o, evdə bir az istirahət etdikdən sonra yenə binanın həyətinə düşür və ərinmədən maşının içini- çölüni silib təmizləyir.Bir dəfə elə həyətdəcə onunla həmsöhbət oldum və öyrəndim ki, “ Azərbaycan” qəzetində illüstrasiya şöbəsinin müdiri işləyir.Söhbət zamanı idmanı çox sevdiyini də söylədi. Dedi ki, cavanlıqda uzun illər velosiped idmanı ilə məşqu olub,diplomlar, fəxri fərmanlıar qazanıb, hətta respublika ikincisi də olub. Qapı qonşum olduğu üçün biz onunla tez-tez təmasda olmağa başladıq. Olduqca mədəni, xeyirxah, tükü-tükdən seçməyi bacaran alicənab bir ziyalıdır. Qəlbində gənclik həvəsi hələ sönükməyən qonşum xarici görkəmcə də cavanlardan seçilmir.Həmişə onunla görüşəndə əlimi möhkəm-möhkəm sıxır. Hər dəfə də nədənsə ondan yaşını soruşmaq istəmişəm, ancaq cəsarət etməmişəm. Düşünmüşəm ki, bir cavabı olacaq: neçə yaşlı görünürəmsə, o qədər də yaşım var.Və nəhayət bu günlərdə, onun çalışdığı “Azərbaycan” qəzetinin 7 fevral 2016 –cı il tarixli nömrəsində dərc olunan bir məqalə diqqətimi cəlb elədi.” Səksən yaşlı cavan” sərlövhəli bu məqalə ilə bərabər mətnin içində onun çörək ağacı olan fotoaparatı ilə birlikdə qəşəng bir şəkli təqdim olunurdu.Gözlərimə inanmadığım üçün həmin məqaləni iki dəfə oxudum və nəhayət anladım ki, sənəti ilə öz həmkarlarını çox qabaqlayan,əməyii dövlət tərəfindən kifayət qədər qiymətləndirilən- Əməkdar Mədəniyyət İşçisi fəxri ada,“Tərəqqi” medalına layiq görülən qonşum sən demə doğrudan da elə səksən yaşında imiş. Həmin məqaləni qələmə alan jurnalist həmkarm qəzet jurnalistikasının ən məsuliyyətli sahəsi olan illüstrasiya, fotojurnalistika prinsiplərinə dərindən yiyələnən, onlarla gəncin bu sənəti mükəmməl mənimsəməsində gərgin əməyi olan qonşum haqqında o qədər geniş, əhatəli məlumat vermişdi ki, onu oxuyandan sonra əziz qonşuma hörmətim bir az da artdı və onu daha dərindən öyrənmiş oldum. Amma bu səksən yaş məsələsi hələ də məni çaşdırmaqda davam edirdi.Az qala mənim yaşıdım kimi görünən bu lətafətli insanın yaşının bu ixtiyar çağında da cavan görünməsinin səbəbini nəhayət ki elə özüm də tapdım;Qəlbində xainlikdən əsər-əlamət olmayan,kindən-küdurətdən uzaq olan, hamiya doğma münasbət bəsləyən,nümunəvi ailəsi,ağıllı övladları olan Fərman Bağırov niyə görə də cavan görünməsin?! Gənclik ehtirası qəlbinə hakim kəsilən qonşum səksən yaşında da bir gün belə işə gecikmir. Hər gün səhər saat 8.20-də dəhlizdə eşitdiyim ayaq səsləri sanki mərtəbədəki bütün qonşuları yuxudan oyanmağa, işə tələsməyə səsləyir. Səksən yaşlı bu “GƏNCİ” _jurnalist həmkarımı və nəhayət od qonşumu mən də ürəkdən təbrik edirəm, cansağlığı, yaradıcılıq uğurları arzulayıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir