Erməni jurnalist: “Meşələri vəhşicəsinə məhv edirlər”

Kəlbəcər

Ermənilər işğal olunmuş əraziləri tərk edir. Onlar gedərkən hər şeyi talan etməyi unutmur. Hətta meşələri də qırırlar.

“Kobramedia.az”ın yazdığına görə Bizimyol.info xəbər verir ki, Ermənistanın tanınmış jurnalisti Mark Qriqoryan sosial şəbəkə hesabında bu haqda yazıb.

O, ermənilərin gedişinə duyğusal yanaşıb. Amma jurnalistin yazdıqlarında xeyli maraqlı məqamlar da var. Mark Qriqoryan əvvəlcə yazıb ki, gedənlər evlərin damlarını da söküb aparır, sonradan lazım olacağını düşünürlər. İşğal olunmuş əraziləri tərk edənlər ağlamır, sifətində heç bir emosiya nəzərə çarpmır.

“Dadivəngdə iki həftə qaldığım evin də damını söküblər. Qonşuluqdakı evə od vurublar. Uzaqda yanan məktəbin tüstüsü gözə dəyir”.

Qriqoryan İrəvandan Dadivəng monastırı ilə vidalaşmağa gələnləri fərqli şəkildə qınayıb. O, həmin adamların səmimiyyətinə şübhə etdiyini bildirib. Erməni jurnalist paytaxtdan gələnlərin daha çox “Facebook” və “Instagram”da foto yerləşdirmək dərdində olduğunu yazıb.

Qriqoryan bundan sonra Kəlbəcər meşələrindəki ekoloji terrordan bəhs edib: “Ermənistana tərəf getdikcə meşələri amansızlıqla qıranların daha çox olduğu görünür. Onlar ağackəsənlərlə çox tez işləyirlər. Mən Ermənistanda bu qədər ağackəsən olduğunu bilmirdim. Artıq söz danışmırlar. Meşələri vəhşicəsinə məhv edirlər. Özü də bunu qarabağlılar etmir. Daha çox Ermənistanın başqa rayonlarından gələnlərdir”.

Erməni jurnalist İrəvana uzanan yolda böyük tıxaclar yarandığını yazıb. Bəzən bu tıxaclarda 6-7 saat gözləmək lazım gəlir.

Yazının rəy bölümündə Qriqoryanın duyğusallığına azərbaycanlılar etiraz edib. Onlar Qarabağın Azərbaycanın olduğunu, vaxtı ilə bu torpaqlarda yaşayan həmvətənlərimizə böyük zülm edildiyini yazıb. İş orasındadır ki, ermənilər Qriqoryanı daha çox tənqid edir. Onlar jurnalisti talanla bağlı həqiqəti yazdığına görə təhqir etməkdən belə, çəkinmirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir