Deputat hökumətə səsləndi: – “Sərhədləri elə bu gün açmaq lazımdır”

Deputat hökumətə səsləndi:


Azərbaycanda quru sərhədlər pandemiya səbəbilə 2020-ci ilin martından qapalıdır.

Nazirlər Kabinetinin qərarı ilə bir çox məhdudiyyətlər, həmçinin hava yolu ilə gediş-gəliş bərpa olunsa da, hələ də quru sərhədlər açılmayıb. Qeyd edək ki, qonşu ölkələr Gürcüstan, Türkiyə quru sərhədlərinin açılması ilə bağlı qərar qəbul etdiklərini açıqlayıblar.

Rusiya və Ukrayna arasında müharibə davam edir. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə martın 6-dan beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılıb. Yəni hazırda iki ölkə arasında nə hava, nə də quru yolla gediş-gəliş mümkündür. Sosial şəbəkələrdə Rusiyadan ölkəyə gəlmək istəyən yüzlərlə vətəndaşımızın Dağıstanda düşərgələrdə qalması ilə bağlı məlumatlar yer alıb. Ölkədən Rusiyaya işləmək üçün gedən və hazırda yaranmış vəziyyətlə bağlı öz ölkəsinə qayıtmaq istəyən vətəndaşlarımız çətinliklə qarşılaşıblar. Çıxış yolu kimi Türkiyəyə gedib oradan ölkəyə gəlmək isə hər kəsin büdcəsinə uyğun deyil. Ona görə də Azərbaycan vətəndaşları Rusiya- Azərbaycan sərhədindəki düşərgələrdə qalmağa məhkum olublar.

Məlumat üçün bildirək ki, bu yaxınlarda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov quru sərhədlərin açılması ilə bağlı hökumətə təklif verildiyini açıqlamışdı:

“Quru sərhədlərinin açılması həm də turizmin inkişafı baxımından əhəmiyyətli hesab olunur. Bu baxımdan biz epidemioloji vəziyyət nəzərə alınmaqla mərhələli şəkildə quru sərhədlərinin açılmasının tərəfdarıyıq. Hökumətə mövcud addımların atılmasını təklif etmişik. Növbəti mərhələdə quru sərhədlərinin açılması da mümkündür”.

Vəziyyəti nəzərə alaraq, quru sərhədlər bayram ərəfəsndə müvəqqəti də olsa, açıla bilərmi? DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı açıqlamasında Cebhe.info-ya açıqlamasında millət vəkili Fazil Mustafa bildirib ki, quru sərhədləri nəinki bayrama qədər, elə bu gün, vaxt itirmədən açmaq lazımdır:

“Azərbaycan vətəndaşları Dağıstana gəliblərsə, onlarla bağlı hansısa problem yoxdursa, mütləq kömək etmək lazımdır. Mənə elə gəlir, hökumət bu məsələdə çox çevik addım atmalıdır. Birdən-birə yol bağlanıb, Rusiyaya gedib qalmış azərbaycanlılar nə etməlidirlər? Ona görə də onların bura gəlib çıxmasına şərait yaratmaq lazımdır. Bu məsələ ilə ciddi məşğul olunmalıdır. Ora komissiya göndərilir, birbaşa sərhəddə yoxlanılır, əgər adamların gəlməyinə hansısa əngəl yoxdursa, sərhədlər açılır və onlar buraxılır. Biz Azərbaycan vətəndaşlarını orada sıxıntı içərisində saxlaya bilmərik ki”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir