Cəlilabad rayon Veteranlar Təşkilatının təşəbbüsü ilə tanınmış şair-publisist Ədalət Salmanın Cəlilabad şəhidləri haqqında yazdığı “Şəhidlik zirvəsinə ucalanlar” kitabının təqdimat mərasimi keçirildi.

Mərasimə şəhid ataları, rayonun nüfuzlu veteranları, yaradıcı ziyalıları dəvət olunmuşdu. İştirakçıların istəyi ilə açıq havada düzənlənən tədbirdən öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.İdarə heyətinin üzvü, nəzarət-təftiş komissiyasının sədri, veteran pedaqoq-şair Əfrahim Abbas tədbiri giriş sözü ilə açaraq kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Sözün işığı” qəzetinin baş redaktoru Ədalət Salmanın ictimai-ədəbi fəaliyyəti haqqında ətraflı məlumat verdi. Şəhidlərimizə ədəbi abidə olan belə bir kitabın yazılıb nəşr olunmasının hamı tərəfindən yüksək qiymətləndirilməsini xüsusilə vurğuladı.Tədbirdə əmək veteranları Sabir Quliyev, Mirağa Salmanov, Mirzəbala Hüseynov, Həsən Mirzəyev, Hacı Abas Şahmarov, “Əməkdar mədəniyyət işçisi” Cahangir Muradov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Meyxoş Abdullah, İman Abdulla, yazıçı xanımlardan Ruhiyyə Abbaszadə, Gülşən Şahmuradlı, rayonun Musalı kənd orta məktəbinin müəllimi Adıgözəl Nuruyev, “Cəlilabad ziyalıları ictimai mühütün demokratik inkişafına dəstək” ictimai birliyinin sədri, veteran müəllim Əzizxan Əzizxanlı və başqaları çıxış edərək şəhidlərin həyat və döyüş yolundan bəhs edən bu kitabın böyük əhəmiyyət daşıdığından danışdılar, böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rola malik olduğunu qeyd etdilər.Şəhid ataları Yusif Kazımov və Əsədxan Həşimov şəhidlərin xatirəsini əziz tutub onların ruhuna ehtiram olaraq çap etdirdiyi bu kitaba görə müəllifə təşəkkür etdilər. Qarabağ müharibəsi veteranı, yazıçı Qurban Əhməd öz çıxışında onu da qeyd etdi ki, bu il dəyərli ziyalımız Ədalət Salmanın, həm də 65 yaşı tamam olur. Bu münasibətlə ona veteranlarımız adından öz hədiyyəmizi də təqdim edirik.Yüksək səviyyədə keçən təqdimat mərasiminin sonunda kitabın müəllifi, tanınmış şair-jurnalist Ədalət Salman çıxış edərək şəhidlərimiz haqqında kitab yazmağı özünün mənəvi borcu olduğunu vurğuladı, kitabın nəşr olunmasına yardımçı olduqlarına görə Milli Məclisin üzvü Malik Həsənova və rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinə bir daha minnətdarlığını bildirdi. Təşkilatçılara və tədbir iştirakçılarına təşəkkür etdi.Sonda hər bir iştirakçıya “Şəhidlik zirvəsinə ucalanlar” kitabı hədiyyə olundu və xatirə şəkilləri çəkildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir