BU MİLLƏTİN İLK ŞƏHİDİ SƏN OLDUN

1987-ci il oktyabrin 21-də Heydər Əliyev Qorbaçov komandasının siyasətinə etiraz əlaməti olaraq siyasi büro üzvlüyündən istefa verdi. Bundan bir neçə gün sonra isə Yerevanda Moskva ilə artıq razılaşdırılmış bədnam “Qarabağ məsələsi”- Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi məsələsi qaldırıldı. Bunun ardınca da azərbaycanlıların öz dədə-baba torpaqlarından etnik təmizləmə prosesi prosesinə start verildi. İnsan haqları dəhşətli dərəcədə pozulur, Azərbaycan xalqına qarşı tammiqyaslı soyqırım siyasəti həyata keçirilirdi. Mixail Qorbaçov və onun ətrafı Heydər Əliyevin artıq təcrid olunmasından, demək olar ki ev dustağına çevrilməsindən istifadə edərək Qarabağ məsələsinin həllini fəlakət həddinə çatdırdılar və bu da azmış kimi, sonda sülhsevər Azərbaycan xalqının başına misli görünməyən müsibətlər gətirərək 20 Yanvar faciəsini törətdilər..Bu faciəyə qarşı ilk etiraz səsini ucaldan,Azərbaycanın başına gələnləri bütün dünyaya car çəkən, rus imperiyasının iyrənc işğalçı siyasətini ifşa edən də məhz qeyrət simvulu Heydər Əliyev oldu.
Qüdrətindən düşmüşdülər təlaşa,
İşığından kor olmuşdu gözləri,
Qılıncları oynayırdı havada,
Səndən sonra qul etməkçün bizləri.
Düşündülər, daşındılar yüz kərə,
Çox məqamda qurulmuşdu tələlər.
Nişangaha çevirdilər ölkəmi,
Nələr çəkdi onda başın, eh…, nələr!
İnam yeri güclü idi bu elin-
Sibirəcən sevilirdi soyadın,
Sən o iyrənc məmləkətdə gücünlə
Millətimi sarsılmağa qoymadın.
Öz dilində dərs deyirdin onlara,
Siyasətdən xəbərsizdi naşılar,
Kim deyərdi Qorbaçovun, Yazovun
İnsanlığa xidmət edən başı var?!
Birləşdilər yarasalar gizlicə,
Rəqib idin bu meydanda təkcə Sən,
Qərarları qəti oldu: Təcili
Vəzifədən Sən götürülməlisən.
Örtə bilməz qara bulud Günəşi,
Həyat verən qüvvə heç vaxt basılmaz.
Bu millətin ilk şəhidi Sən oldun!-
Şəhid ölmür, Şəhidliyə yas olmaz!
O, PARLAQ BİR GÜNƏŞ İDİ
Qəm selinə döndü millət,
Axdı hamı bir ünvana.
O gün xalqım baş əyirdi
Məmləkəti yaradana.
Milliləşib dilim, adım,
Himnim-həyat fəlsəfəsi.
Dar günümdə Moskvadan
Eşidildi onun səsi.
Dərd girdabı içindəydik,
Bu dəryada -bir qaya o,
Qələbə əzmi gətirdi
Naxçıvandan Bakıya o.
Son qoyuldu anaların
Qəlb göynədən göz yaşına,
Döndü o, hər bir insanın
Əbədilik sirdaşına.
O, parlaq bir Günəş idi,
Nuru hopub ömrümüzə.
Zirvələri fəth edirik
Ruhu qida verir bizə.
Nə qədər ki baxır gözüm,
Döyünür sinəmdə ürək,
Hər işimdə Öndərimin
Öyüdləri görünəcək.
BİR OĞUL İTİRDİ VƏTƏN
Bu gün böyük qəhər günü,
Sağalan deyil bu yara,
Bu, ümumxalq hüznü kimi
Həkk olubdur yaddaşlara.
Sülh idi onun məramı,
Döyüşdən də qorxmazdı, ha!
O, sözündə bütöv idi,
O, elmdə- böyük düha.
Bir oğul itirdi vətən,
Döndü o, Yaşıl Çırağa,
Ürəklərdə göyərdi o,
Ürəklərdə döndü dağa.
Bir oğul itirdi Vətən,
İnanmıram yoxluğuna.
Bir oğul itirdi Vətən…
Ağı deyir yana-yana.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir