Biz o şəhərə gedirik!

Akif Cabbarlı


2020-ci ilin 27 sentyabrı təqvimdə sıradan bir gün olmadı. Həmin gün çoxəsrlik Azərbaycan tarixinə, xalqımızın azadlıq və suverenlik salnaməsinə qızıl hərflərlə yazıldı və milli kimliyimizi, qəhrəmanlıq və yenilməzlik ruhumuzu, sülh və əmin-amanlıq arzumuzu təsdiqləyən və bütün dünyaya bəyan edən özünəqayıdış və dönüş nöqtəsi, əbədiyaşarlıq simvolu kimi qəbul edildi. Bu tarix Azərbaycanın ərazi bütövlüyünü yalnız və yalnız müzəffər ordumuzun və öz təkrarsız siyasi və dövlətçilik fəaliyyəti ilə qəlbində milyonlarla soydaşımızın bir qərinəlik gözləntilərinə sönməz çıraq tutan Prezidentimiz və Ali Baş Komandanımızın vətən eşqilə süslənmiş qələbə əzminin, qalibiyyət gözləntisinin reallaşdırılmasına bir nişanədir.


Artıq neçə gündür ki, igid oğullarımız işğalda olan əzəli torpaqlarımızı faşist xislətli quldur dəstələrindən, dünyanın hər yerinə səpələnmiş həmyerlilərinin və sülhdənsə yeni işğal planlarına dəstək olan üzdəniraq “dostlarının” və muzdluların hesabına toparlanan ermənilərdən axırıncı nəfərədək təmizləmək üçün ölüm-dirim savaşına atılıblar.


Ötən günlər bir daha göstərdi ki, Prezident İlham Əliyevin siyasi və dövlətçilik fəaliyyətində, diplomatik sahədə qazandığı uğurların fonunda Ali Baş Komandan kimi Azərbaycan əsgərinin döyüş ruhunun yüksəlməsi, torpaqlarımızın işğaldan qurtulması üçün düzgün və səmərəli taktiki gedişlər edilməsi yolunda da təkrarsız addımlar atmağa qadirdir. Ölkə başçısının, Silahlı Qüvvələrin Ali Baş Komandanının xalqa müraciətləri, bir sıra xarici ölkələrin jurnalistlərinə verdiyi müsahibələr bir daha sübut edir ki, İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında dönməzliyi, barışmazlığı özünün həyat kredosu və böyük vətəndaşlıq missiyası hesab edir. Prezidentin xalqımıza, eləcə də dünya ictimaiyyətinə verdiyi mesajlar qətiyyətli və dönməz dövlət başçısının, yenilməz sərkərdənin müqəddəs düşüncələri, qarşıdakı dövrdə heç bir dəyişikliyə ehtiyacı olmayan siyasi platforması kimi dəyərləndirilir. Xalq da öz rəhbərinə, sərkərdə oğluna inanır, güvənir, etibar edir və illər uzunu hər bir vətəndaşımızı narahat edən ağrılı problemin tezliklə çözüləcəyinə, işğalda olan ərazilərimizin düşməndən təmizlənəcəyinə ürəkdən inanır. Prezident İlham Əliyev indi hər birimizin gözündə yalnız dövlət başçısı və Ali Baş Komandan kimi yox, kiminin qardaşı, kiminin oğlu, kiminin də babası kimi boy göstərir – özü də yenilməz, alınmaz, möhtəşəm Qala timsalında.


Hər döyüş günü özü ilə mühüm yeniliklər gətirir, xoş sürprizlər vəd edir. İşğalda olan kəndlərimiz, şəhərlərimiz erməni tör-töküntülərindən təmizlənir. Şanlı ordumuzun yolu indi Şuşaya, Xankəndinədir. Cənab İlham Əliyevin Türkiyə telekanalına verdiyi müsahibədə toxunduğu bir sıra məqamlar, xüsusilə, 1982-ci ildə Ulu Öndərlə muzeylər şəhərimiz olan Şuşaya səfərini xatırlaması məni də xəyalən o illərə apardı, qəlbimdə kövrək duyğular oyatdı.



…1982-ci il yanvar ayının 14-də Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində iştirak etmək üçün Şuşaya gedən media nümayəndələri arasında gənc tele-jurnalist kimi mən də var idim. Azərbaycan Televiziyasının çəkiliş qrupunda iki kino-operator da vardı – Rüstəm Zülalov və Sergey İşxanov. Xankəndidə qatardan düşəndə ermənilərin Sergeyi duz-buz kimi “yalamaları” indi də yadımdadır. Bizimlə isə candərdi görüşdülər. Bir-iki saatı bu şəhərdə necə keçirdiyimizi təsəvvür etməzsiniz. Sanki Azərbaycandan minlərlə kilometr uzaqlarda, düşmənlər arasında idik. Ermənilərin buz kimi donuq sifətləri qəlbimi üşüdürdü. Şuşada isə əhvalım tamam dəyişdi. Şəhər sakinləri, rayon rəhbərləri bizi doğmaları, əzizləri kimi qarşıladılar. Qəribəsi bu idi ki, Sergey burada özünü sudan çıxmış balıq kimi hiss edirdi. Gözləri yol çəkir, özünü qəribə aparırdı. Əlbəttə, “Miatsum”a hələ altı il qalsa da, azacıq müşahidə erməninin içindən üzünə vuran hissləri duymağa imkan verirdi.


Şuşaya əvvəlcədən gələn qonaqlar, jurnlistlər, dövlət məmurları Azərbaycanın rəhbəri Heydər Əliyevi Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində böyük sevinclə qarşıladılar. Qarlı-şaxtalı gün olsa da, hamının üzündə bir sevinc, nur, qəlbində hərarət vardı. Paytaxtdan gələn adlı-sanlı qələm sahibləri, Şuşa camaatı, televiziya və qəzet müxbirləri xalqın böyük oğlunu səmimiyyətlə, qayğı ilə əhatələmişdi. Heydər Əliyev mərasimdə geniş nitq söylədi, Vaqif yaradıcılığını, fəaliyyət göstərdiyi dövrü ətraflı təhlil etdi, şairin misralarını əzbər söylədi. Məqbərənin açılış mərasimindən sonra Şuşadakı doqquzmərtəbəli mehmanxananın restoranında böyük ziyafət verildi. Heydər Əliyev adəti üzrə jurnalistləri lap yaxınlığında əyləşdirmişdi. Dediklərini tam aydınlığı və dəqiqliyi ilə eşidirdik. Dağlıq Qarabağın rəhbəri Boris Kevorkova tutduğu iradlar da yaxşı yadımdadır. Heydər Əliyev onu Xankəndidə rastlaşdığı erməni dilində yazılmış lövhə və reklamlara, hətta məclisdə gördüyü mineral suların, içki şüşələrinin üstündəki yazılara görə əməlli-başlı məzəmmət etdi, bildirdi ki, bu yazılar ilk növbədə dövlət dili olan Azərbaycan dilində yazılmalıdır. Yəqin ki, böyük şəxsiyyətin qarşısında Borisin hansı hisslər keçirdiyini, necə utanıb-qızardığını və başını somağa yer axtardığını təsəvvür etmək o qədər də çətin deyil.


Hələ 2010-cu ildə “Biz o şəhərə gedəcəyik” adlı publisistik qeydlərimdə yazırdım: “Şuşaya nə vaxt qayıdacağıq?! İllər uzunudur ki, bu dilemma ilə üzbəüzdəyik. Qızımın oğlu, dörd yaşlı nəvəm Kənan bizə gələndə həmişə məni Şuşaya aparacağına söz verir. Mən də ona vəd etmişəm ki, Şuşa azad olunanda mütləq nəvəmin Şuşadakı dədə-baba evinə köçəcəyəm. Yəqin ki, o genişlikdə hamımıza yer çatar. Bu şəhərdə yaşamaq çoxdankı arzumdur. Gedəcəyik, İnşallah! Amma Kənan kimi balaların böyüməyini, bizi o şəhərə aparmalarını gözləməməliyik. O uşaqları öz əzəli yurdlarına biz böyüklər götürüb getməliyik”.


İndi nəvəm Kənan on dörd yaşındadır. Dünyaya, ətrafımızda baş verənlərə tamam başqa gözlə baxır. Hadisələri əsl yeniyetmə ruhu, cavanlıq həvəsilə izləyir. İndilər bir fikri çox eşqlə dilə gətirir: – İnşallah, İlham baba Şuşanın azad edilməsi xəbərini bizə çatdırandan sonra atamın, Şuşa həsrətilə dünyadan vaxtsız köçmüş İmanxan babamın yurduna yola düşürük, baba, sən də söz vermisən ha…


O günə sayılı günlər qalıb, Kənan – mən də nəvəmə ürəkdolusu belə cavab verdim. O tərəflərə düşən mərmilərin, güllələrin gülə dönəcəyi, oralarda qarıldaşan qarğaların isə bülbüllə əvəzlənəcəyi günə az qalıb, lap az.


P.S.
 bir daha xatırladım ki, on il əvvəl əsirlikdə olan Şuşamızın taleyi ilə bağlı “Biz o şəhərə gedəcəyik” sərlövhəli bir yazı yazmışdım. 2013-cü ildə işıq üzü görmüş eyniadlı kitabım da məhz bu yazı ilə açılır. Sizə təqdim etdiyim qeydlərimin də başlığını optimist fikirlərimin, arzularımın qanadlarında qismən dəyişikliklə qoyduğumun fərqində olacağınız qənaətindəyəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir