Azərbaycana qarşı… sülh təhlükəsi

MN: Ermənistan kəndlərimizi raket və artilleriya atəşinə tutur

Azərbaycan ordusu əks-hücim əməliyyatlarını davam etdirir. Artiq düşmən tərəf geri çəkildiyini etiraf edir. Doğrudur, Azərbaycan ordusuna daha ağır zərbə endirmək üçün öz qoşun bölmələrinin “bəzi döyüş cəbhələrindən çıxarma” kimi – taktiki manevr olaraq təqdim etməyə çalışır.

Ancaq eyni bəyanatda “şəxsi heyət arasənda daha çox itkilərə səbəb olmamaq məqsədi” də vurğulanır. Bu da onu təsdiq edir ki, hərbi əməliyyatlar teatrında coğrafi relyefin Ermənistan qoşunları üçün daha əlverişli olmasına (düşmən mövqeləri daha çox yüksəkliklərdə yerləşməsinə və mülki əhali faktorunun da onların xeyrinə işləməsinə) baxmayaraq, Azərbaycan ordusu qarşı tərəfi qat-qat daha çox itkilərə məruz qoyur; canlı qüvvə və hərbi texnika baxımından Ermənistan ordusunun çətinlikləri daha da artıb. Muzdluların Dağlıq Qarabağa gətirilməsi, artıq qadınların ardınca yaşlı kişilərin də səfərbərliyə alınması, ümumiyyətlə, total səfərbərlik keçirilməsi düşmən dövlətin, döyüş vasitələrinin, yanacağın, tibbi ləvazimatların, qan ehtiyatlarının və ərzağın çatışmaması haqda təkzibolunmaz məlumatlar da Ermənistan tərəfinin ciddi resurs problemi yaşadığını göstərir. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan hələ hadisələrin başlanğıcında bunun resurs müharibəsinə gəlib çıxacağını və Azərbaycanın daha üstün olduğunu demişdi. Əslində baş nazir Paşinyan özü də bunu müsahibəərinin birində etiraf etmişdi: “Düşmən bizdən güclü ola bilər, ancaq bizim strategiyamızı hələ çözə bilmədilər”. Bu cümlənin ikinci hissəsi öz cəmiyyətinə hesablanmış tesiz idi.

Azərbaycanın üstünlüyü ortadadır; bunu ən aparıcı dünya beyin mərkəzlərinin təhlilçilri, hərbi analitiklər, strateji araşdırmalarla məşğul olan ekspertlər də təsdiqləyir. Əslində bütün bunlar Azərbaycan cəmiyyətini və ordusunu daha çox motivə etsə də, başqa bir tərəfdən, bir narahatlıq çalarları da var. Hamı düşünür ki, görəsən, başladığımız iş yarımçıq qalmayacaq ki?! Daha doğrusu yarımçıq qoymayacaqlar ki?! Yəni xarici güclər prosesə müdaxilə edəcəkmi? Edəcəksə, hansı mərhələdə və necə? Belə bir halda Azərbaycan pressinqə tab gətirəcəkmi? Və sair. Rusiya baş naziri Mişustinin İrəvana işçi səfəri, Ermənistan baş nazirinin müavini başda olmaqla missiyanın Moskvada məxfi danışıqları, məşhur “Vaqner” şirkətinin Dağlıq Qarabağa bir qrup göndərməsi haqqında yayılan məlumatlar, eləcə də, Fransa başda olmaqla bir çox ölkələrin Ermənistana sözdə də dəstək verməsi, Türkiyəyə qarşı silah embaqoları ilə bağlı qərarlar, ABŞ Konqresində müzakirələr və sair bu narahatlığı körükləyən nüanslardır.

Əlbəttə, bütün bunlar çox geniş yazıların mövzusudur; bu haqda davamlı olaraq öz araşdırmalarımızın nəticələrini, fikir və mülahizələrimizi bölüşəcəyik. Ancaq bu gün hər kəsi ən çox narahat edən Rusiyanın hansı mərhələdə və necə bu məsələyə müdaxiləsi ehtimalıdır. Bu narahatlıq da ondan yaranır ki, Ermənistan Rusiyanın egidası altında yaradılmış Avrasiya İqtisadi İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvüdür. Biz birinciyə heç qoşulmamışıq, ikincidən də 22 il bundan qabaq çıxmışıq. Rusiyanın Ermənistanla hərbi müttəfiqlik sazişi var, bizim yox. Rusiyanın Ermnistanda hərbi bazası var (hətta xarici sərhədlərini Rusiya qoruyur), bizim yox. Rusiya Ermənistanla birgə qoşun yaradıb və sair və ilaxır.

Əvvəla, onu deyim ki, Rusiyanın Ermənistanla hərbi ittifaqı hələ o demək deyil ki, rəsmi Moskva Qarabağda Ermənistan tərəfdən Azərbaycana qarşı müharibəyə qarışacaq. Ən azı rəsmi olaraq. Rusiyanın bu müharibəyə müdaxilə etməməsi yaddaşlarda Argentina ilə İngiltərə arasında 1982-ci il aprelin 2-də başlanmış və 42 gün davam etmiş Folklend müharibəsi anologiyasını təzələyir. 17-ci əsrin sonunda İngiltərəyə məxsus olan (ingilis səyyahlarının tapdığı, əsrlərlə ingilislərin yaşadığı) Folkend adasına Argentina iddia edir, adaları “Malvin” adlandırıb özününkü sayır və müharibəyə başlayır. Ancaq sonunda İngiltərəyə uduzur. Həmin vaxt ABŞ-la rgentina arasənda hərbi müttəfiqlik sazişi vardı. Buna baxmayaraq, Vaşinqton bu müharibəyə heç bir formada qarışmadı. Çünki beynəlxalq hüquq baxımından adalar İngiltərəyə aid idi. Yeri gəlmişkən, Argentinanı İngiltərəyə qarşı Fransanın qızışdırmasını da unutmayaq. Qarabağ məsələsində Ermənistanı qızışdırdığı kimi. Müqayisə bir qədər qüsurlu ola bilər amma reallığı izah edir. Rusiyanın, eləcə də, KTMT üzvü olan başqa ölkələrin ən azı formal baxımdan indiki müharibədə Ermənistana hərbi yardım etmək üçün əsası yoxdur. Hətta Rusiyanın məşhur “Vaqner” Özəl Hərbi Şirkətinin qurucusu və sahibi Yevgeni Priqojin belə Rusiyanın Ermənstanı bu müharibədə hərbi cəhətdən dəstəkləməsi üçün “ixtiyarı yoxdur”, çünki “Azərbaycan müharibəni öz ərazisində aparır”.

Əslində Priojindən qabaq Azərbaycan prezidentinin dediyi bu fikirlə ikinci faktora keçid edirik: Azərbaycan öz ərazisində müharibə aparır. Diplomatiyada çox mürəkkəb situasiyaların qısa və net ifadəsi fövqəladə mühüm önəm daşıyır. Bu cür formaca qısa və məzmunca tutumlu tezisin dəqiq yerində seçilməsi və ilk gündən deyilməsi İlham Əliyevin yüksək diplomatiya təhsilinin və çoxillik təcrübəsinin məhsuludur. “Azərbaycan müharibəni öz ərazisində aparır” cümləsi bir neçə suala cavab verir: Azərbaycan başqa dövlətə müdaxilə etmir, işğalçıya qarşı savaşır, başqa –üçüncü, dördüncü dövlətlırin bura qarışmağa əsası yoxdur və sair. Bu tezisin davamı və inkişafı olaraq İlham Əliyev sonra başqa fikirlər də səsləndirdi: 1) Azərbaycanın Ermənistanda hədəfi yoxdur (ki, Ermənistan tərəfi olmasını çox istərdi); 2) Azərbaycan üçüncü dövlətləri bu müaqişəyə qatmır (Hərçənd işğala məruz qalan dövlət olaraq, buna tam hüquqi və mənəvi əsasları da vardı (Ermənistanla təkbətək vuruşmaq istəyib); 3) Azərbaycan dövləti elan etdi ki, erməni xalqı ilə problem yoxdur, Qarabağda yaşayan yerli erməniləri öz vətəndaşı hesab edir, onların can, mal güvənliyinə təminat verir, dinc əhaliyə qarşı Cenevrə Konvensiyasına uyğun davranacaq (ki, indiyə qədər Azərbaycan tərəfə istər işğal altında olan ərazilərdən, istərsə də, Ermənistandan keçmiş ermənilərə qarşı, eləcə də, hətta əsir düşmüş, yaxud əsir götürdüyü Ermənistan hərbi qulluqçularına qarşı sözügedən Konvensiyadan kənar bir davranış göstərməyib – yəni Xankəndinə, Ağdərədə, başqa ərazilərdə yaşayan ermənilərə verilən təminat. sadəcə, sözdə deyil, əməldə bunun gerçək nümunələri var); 4) Azərbaycan bəyan etdi ki, beynəlxalq birliyin 30 ilə yaxın edə bilmədiyini edir; BMT Təhlükəsizlik Şurasının 27 il icra edilmədən qalmış qətnamələrini, eləcə də, ATƏT-in və başqa beynəlxalq strukturların sənədlərində nəzərdə tutulmuş müddəalar yerinə yetirir. Bunun ardınca belə bir tezis gəlir: kim atəşin, döyüşlırin dayandırılmasını istəyirsə, Ermənistanı işğal edilmiş ərazilərdən çıxmağa – sülhə məcbur etsin. Heç kim etmək istəmirsə də, bizə mane olmasın; müharibə deyil, sülhə məcburetmə əməliyyatı aparırıq. Bu, olduqca mükəmməl bir mövqedir və burda bütün mümkün suallara və prosesə hansısa formada qarışmaq istəyən hər kəsə cavab var.

Rusiyanın, başqa xarici güclərin hərbi əməliyyatlara qarışmaması, döyüşlərin dayandırılması üçün çalışmaması, sadəcə, bəyanatlarla kifayətlənməsi, Ermənistanın faktik olaraq, tək qalması səbəblərindən biri də elə Ermənistanın öz hökuməti, apardığı siyasət və Nikol Paşinyan faktorudur.

İkincisi. Əlbəttə, Rusiyanın marağı olsaydı, bəlkə belə formallıqlara da fikir verməzdi. Ancaq Rusiya rəhbərliyinin və ordu dairələrinin, hətta diplomatiyasının, əsasən, passiv qaldığı bu hadisələrin əsas səbəbkarı, daha doğrusu günahkarı Ermənistanın özüdür. Doğrudur, baş nazir Mişustinin Ermənistana səfəri də faktdı. Ancaq, böyük ehtimaldır ki, rus baş naziri İrəvana Moskvanın faktik ultimatumunu aparıb. Buna səbəb, dediyimiz kimi, Ermənistanda Rusiyaya sərfəli olmayan hakimiyyət konfuqirasiyasının olması və ayrıca Paşinyan bu konfiqurasiyanın başında Nikol Paşinyanın dayanmasıdır.

Yada salaq ki, Nikol Paşinyan Ukrayna kimi Ermənistanın da Avropa İttifaqı ilə vizasız rejim tətbiq etmək niyyətini və Avropa İttifaqının Ermənistanın əsas tərəfdaşı olduğunu bəyan etmişdi. Hələ baş nazir olana qədər – 2013-cü ildə Ermənistan Milli Məclisinin deputatı olaraq Paşinyan Rusiyanın egidası altında Avrasiya İqtisadi İttifaqına Ermənistanın üzvlüyünün əleyhinə səs vermişdi və mövqeyini belə əsaslandırmışdı ki, həmin strukturda iştirak Ermənistanın milli təhlükəsizliyinə və suverenliyinə təhdiddir. Bundan başqa onun “Elk” blokundakı müttəfiqləri Edmon Marukyan və Aram Sarkisyan Ermənistanın Avrasiya İqtisadi İttifaqından və KTMT-dən çıxmasını, daha Qərbpərəst siyasət aparmasını təklif edirdilər. Paşinyan 2016-cı ildə parlamentdə Ermənistanın Rusiya ilə birlikdə vahid Hava Hücumundan Müdafiə Sisteminin yaradılmasınn əleyhinə səs vermişdi və: “Biz öz HHM sistemimizə komandanlığı niyə Rusiyaya vermişik?” deyə sual etmişdi. Rusiyanı Ermənistanın gerçək təhlükəsizlik qaratntı hesab etməyin doğru olmadığını bildirmişdi. Baş nazir olduqdan sonra da apardığı siyasət Rusiyadan mümkün qədər məsafədə dayanmağa hesablanmışdı. Lakin Ermənistanın yeni rəhbərliyinin hesablamaları doğru çıxmadı; İlham Əliyevin daha miqyaslı strateq olduğu, əlverişli momenti daha dəqiq tuta bildiyi, regionda və dünyada yaranmış geosiyasi konyukturanı daha düzgün təhlil etmək bacarığı üzə çıxdı.

Əsas mətləbə qayıdaq. Bütün mümkün ssenarilərin təhlil etdikdə belə nəticəyə gəlmək olar: Əvvəla, hadisələrin inkişafının birinci mümkün ssenarisinə görə, Rusiya Ermənistanda hakimiyyətin dəyişdirilməsinə və orda Rusiyaya loyal hakimiyyət konfiqurasiyasını (özünün marionetini) qurulmasına nail olana qədər Qarabağda hərbi əməliyyatların taleyinə hər hansı həlledici təsir göstərməyə tələsməyəcək. Bu halda, nə qədər qəribə görünsə də, Paşinyan hökumətinin iqtidarda daha çox qalması Azərbaycana və onun müttəfiqlərinə sərfəli görünür; bu zaman ərzində hərbi uğurları artırmaq və ən azı Dağlıq Qarabağın ətrafındakı rayonları azad etmək, Azərbaycanın Ermənistan dövlət sərhədininn bütün perimetri boyunca ordumuzun nəzarətini təmin etmək kimi strateji-hərbi hədəflərimiz var. Rusiya Ermənistanda özünə loyal qüvvələri hakimiyyətə gətirdikdən sonra yeni iqtidarın möhkəmlənməsi üçün atəşin dayandırılmasına diplomatik yollarla təsir etməyə çalışacaq, bu mümkün olmadıqda demoqrafik, iqtisadi və sair təzyiq metodlarını işə salacaq. Son variant olaraq, “Vaqner” ordusunun bölgəyə yeridilməsinə də gedə bilər (bu qeyri-rəsmi ordunun bir qrupunun artıq Qarabağa göndərildiyinə dair xəbərlər təsadüfi deyil; təhlil etdiyimiz mümkün ssenarinin anonsudur).Nikol Paşinyan və Vladimir Putin Nikol Paşinyan və Vladimir Putin

İkinsi ssenariyə görə, Rusiya Paşinyandan Qərbpərəst siyasətdən imtinanın təminatını alır, Ermənistanın siyasi rəhbərliyində, güc strukturlarında özünə loyal fiqurları yerləşdirir, Ermənistanın Qərbə inteqrasiyaya yönəlik siyasi qərarlarını bloklayır, bu halda vəziyyətdən və yaranmış konkret şərtlərdən asılı olaraq, növbədənkənar və ya növbəti seçkilərə qədər Paşinyanla işləməkdə davam edir. Bu zaman da Dağlıq Qarabağda Azərbaycanın irəliləməsinin dayandırılmasında maraqlı ola bilər.

Hadisələrin inkişafının üçüncü ssenarisi, Ermənistanın daha geniçmiqlaslı təxribata əl atacağı, orta mənzilli raket sistemlrindən və başqa vasitələrdən istifadə edərək Azərbaycanın döyüş bölgələrinə aid olmayan yaşayış məntəqələrinə və strateji infrastrukturuna zərbələr vuracağı halda Azərbaycan adekvat cavab vermək zorunda qala bilər. Misal üçün, Ermənistan tərəfi Bakı-Tbilisi-Ceyhan kəmərinə qarşı belə bir cəhdi artıq edib. Bu zaman raketlərin Ermənistandan deyil, Dağlıq Qarabağdan atıldığını önə sürür. Bu, həqiqət olmasa da belə, məqsəd aydındır: bölgədə iqtisadiŞ enerji, logistik, bir sözlə, geostrateji maraqları olan üçüncü – böyük dövlətlər, o cümlədən, Qərb dövlətləri atəşin Dağlıq Qarabağdan açıldığına inandırılsa, onlar atəşin dayandırılması üçün Bakıya təsir, hətta təzyiq göstərə bilərlər. Buna inanmasalar, Azərbaycanın Ermənistan ərazisindəki atəş nöqtələrinə bircə dəfə zərbə endirməsi kifayətdir ki, Ermənistan KTMT formatı vasitəsilə Rusiyadan kömək istəsin.

Hər üç ssenarini Azərbaycan və ona mənəvi-siyasi dəstək verən Türkiyə də təhlil edir. Azərbaycan Prezidentinin sonadək getmək, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxdığı təqdirdə sülhün mümkünlüyü, eləcə də, Türkiyə ilə birlikdə NATO standartlarında Azərbaycan ordusunun gücləndirilməsinin davam edəcəyi barədə bəyanatları əsassız, səbəbsiz deyil. Eyni zamanda Türkiyə tərəfi də regionun o biri iki ölkəsinin mövqelərində dəyişiklik ehtimallarına, xüsusilə, Rusiyanın prosesdlərə mümkün aktiv müdaxiləsinə dair yuxarıda təhlil etdiyimiz ehtimal olunan ssenarilərə qarşı iki ölkənin hərbi-siyasi ittifaqının yeni fazaya daşınmasını düşünürlər. Prezident Ərdoğanın: “Bütün imkanlarımızla sonadək Azərbaycanın yanındayıq” deməsi, Ermənistan Azərbaycan torpaqlarından çıxmayınca, atəşin dayandırlmasının mümkünsüzlüyünü, hələ Bakıya səfərindən əvvəl xarici işlər naziri Mövlud Çavuşoğlunun: “Biz tək millətin iki dövlətiyik, tək dövlət də ola bilərik” deməsi, Azərbaycan hansı formada istəsə, Türkiyənin o formada dəstək verəcəyi bəyanatları mümkün bədbin ssenarilərə preventiv hazırlıqdır. Son zərurət olaraq, Azərbaycan Türkiyəyə kömək rəsmən də müraciət edə və legitim dəstək ala bilər. Çavuşoğlunun Bakıya səfəri fonunda müdafiə naziri Zakir Həsənovun xüsusi əməliyyat müşavirəsi keçirməsi və ordunun arsenaklında olan ən müasir və yüksək dəqiqlikli silahlarla düşmənə zərbə endirilməsini planlaşdırmağı əmr etməsi də diqqətdən yayınmadı. Başqa sözlə, Azərbaycan bütün mümkün ssenarilərdə son zərurət addımına da hazırlıq görür.

Azərbaycanda da, Rusiyada da, Türkiyədə də yaxşı bilirlər ki, Suriya və Liviya təcrübələrindən sonra Rusiya və eləcə də, regionun və Avropanın başqa aktorları Türkiyə ilə açıq hərbi qarşıdurmanın içərisində olmaq istəmirlər. İlham Əliyevin də TRT Haber kanalına: “Türkiyə ordusu NATO-da ikinci ən güclü ordudur, onun qarşısında kim dayana bilər?” sözləri də bu baxımdan təsadüf sayımamalıdır. Bununla belə Azərbaycan və Türkiyə bölgədə Rusiya və hətta İranla maraqları balanslaşdırmağın da yollarını dəfələrlə təkif ediblər. Bu şərtlə ki, Ermənistanın qoşunları Azərbaycan ərazilərindən çıxarılsın, gələcəkdə belə bir hərbi təcavüz və işğal cəhdini istisna edən, Ermənistanla Azərbaycanın dinc yanaşı yaşayacağına dair etibarlı təminat mexanizmləri və iki qonşu dövlətin əməkdaşlığına dair imkanlar yaradılsın. Bütün bunları isə, əlbəttə. Azərbaycan ordusunun uğurlu hərbi əməliyatlarının davamını zəruri və qaçılmaz edir.Bahəddin Həziyev Bahəddin Həzi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir